Nicat Əsgərov adlı 49 yaşlı Bakı sakini qəfil vəfat edib. Oxu.Az Titul.az-a istinadən xəbər verir ki, onun vəfat etməsinə səbəb keçirdiyi infarkt olub. Yaxınlarının verdiyi məlumata görə, mərhum heç vaxt sağlamlığından şikayət etməyib.
Məlum olub ki, illərdir banka xeyli borcu olan Nicat Əsgərov ölümündən bir gün qabaq kreditini tamamilə bağlayıb.
İddia edilir ki, onun infarkt keçirməsinə səbəb külli miqdarda olan kredit borcunu bağlamasından dolayı keçirdiyi sevinc, həyəcan hissi olub.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, kredit götürən gələcəyini xərcləyir:
“Əcəli çatıb ölənlər, bədbəxt hadisələr səbəbindən ömrü yarıda kəsilənlər, hətta banka borcu olanlar, borcu ödəyib keçirdiyi naməlum hisslərdən əbədi dünyaya qovuşanlar var. Kreditlə yaşayan insan daim gərginlikdə qalır və qorxu hissi yaşayır. Müflisləşmə, işini itirmək, kollektorlarla görüş qorxusu kimi hisslər keçirirlər.
Daimi gərginlik və krediti ödəmək üçün nədənsə imtina etmək, ehtiyac səbəbindən əsəbilik yaranır və depressiya ilə üzləşirlər. Banka borcu olan insan daimi və ya uzun müddət davam edən stress vəziyyəti ilə təhdid edilir. Xüsusən də kreditin qaytarılması yalnız onun üzərindədirsə, daim təzyiq hiss edir. İnsan özünə qapanır, başqa insanlarla ünsiyyətdən qaçmağa başlayır. Pul xərcləməli olduğu üçün dostları ilə görüşə bilmir. Buna görə kredit götürən insanlar bütün ictimai əlaqələri dayandırırlar.
Yaxınlarınları ilə münasibətlər pisləşir və nəticədə sağlamlıq pozulur. Daimi stress şəraitində fəaliyyət göstərən orqanizm bərpa olunmur. Qanda yüksək səviyyədə adrenalin saxlanılır, bu da immunitet sisteminin işinə mane olur. İnsan hər cür viruslara, bakteriyalara qarşı daha həssas olur, intihara əl ata bilir və sevincdən də dünyasını dəyişə bilir”.