Professor: İstənilən dərman dozanı aşdıqda zəhərə çevrilir

Ağsu rayonunda 27 yaşlı qadın dərmandan zəhərlənib.
APA-nın Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Ərəbuşağı kəndində qeydə alınıb.
Kənd sakini, 1998-ci il təvəllüdlü Mustafalı Rəqsanə dərmandan zəhərlənmə diaqnozu ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, hər bir dərman müəyyən dozada müalicəvi əhəmiyyətə malikdir:

“Müəyyən dozanı aşdıqda isə artıq o zəhərdir. İstənilən dərman preparatı aşırı dozada toksiki təsir göstərə bilər. Digər tərəfdən dərmanın tərkibində olan əlavələrin keyfiyyət parametrləri yüksək olmalıdır. Ümumiyyətlə, dərman zəhərlənməsi daha çox dozaya aiddir. İstər suisid hallarında, istərsə də qəsdən dərman verməklə xəstənin həyatına qəsd etmək kimi situasiyalar var. Bunların hər biri araşdırılmalıdır. Təəssüflər olsun ki, bəzən də dərmanlar müəyyən olunmamış yerlərdən gəlir. Yəni onlar texniki şərtə uyğun hazırlanmır, zavod istehsalı olmur. Bu dərmanlardan isə müxtəlif cür dəyişikliklər baş verə bilər. Əgər dərman zəhərlənməsi halı toksikoloji, mərkəzdə qeyd edilibsə, bu dərmanla bağlı mütləq araşdırma aparılmalıdır. Çünki, bu orqanizmlə və ya bütöv bir partiya dərmanlarla bağlı ola bilər. Dərman zəhərlənməsi ümumiyyətlə, kriminal hallara aiddir. Bu araşdırılmalıdır və ondan sonra uyğun adekvat qərar verilməlidir. Həmçinin istifadə olunan dərman preparatlarının, keyfiyyət parametrlərinə də ciddi fikir verməliyik. Eyni zamanda dərmanı, ölkəyə idxal edən şirkətlər bunun məsuliyyətini daşıyırlar. Onlar dərmanın bütün dövriyyə prosesinə nəzarət etməli və vaxtı keçmiş dərmanları dövriyyədən çıxartmalıdırlar”.