50 yaşdan sonra bu qidalar olmaz

Qidalanma mütəxəssisləri 50 yaş və yuxarı şəxslərin uzaq durmalı və ya məhdud miqdarda istehlak etməli olduğu 9 qida növünü açıqlayıb.
Sherg.az xəbər verir ki, yaş artdıqca orqanizmdə metabolizm, qida tələbatı və bəzi qidaları həzmetmə qabiliyyəti baxımından əhəmiyyətli dəyişikliklər baş verir. Alimlərin fikrincə, 50 yaşdan sonra qidalanma vərdişlərinə diqqət yetirilməməsi ciddi sağlamlıq problemlərinə yol açır..
Qızartmalar
Bir çox insanın sevdiyi qızardılmış yeməklər, yüksək kalori və trans yağ tərkibinə görə ən zərərli seçimlərdən biridir. Buna görə də bişirmə üsulu kimi sobada, buxarda və ya ızqarada hazırlama kimi daha sağlam variantlar tövsiyə olunur.
Emal olunmuş qidalar
Dondurulmuş pizzalar, hazır yeməklər və çörək qırıntısına batırılmış məhsullar yüksək miqdarda duz, şəkər və doymuş yağ ehtiva edir, eyni zamanda qida dəyəri baxımından çox zəifdir. Bu cür məhsulların əvəzinə təzə və təbii qidalar seçilməlidir.
Rafinə karbohidratlar
Ağ çörək, makaron və ağ düyü kimi rafinə karbohidratlar az lif tərkibinə malikdir və qan şəkərində kəskin artışa səbəb ola bilər. Tam taxıllı məhsullara və paxlalılara üstünlük vermək, həm həzm, həm də metabolizm sağlamlığı üçün vacibdir.
Ət məhsulları
Sucuq, sosiska və pastırma kimi emal olunmuş ət məhsulları çoxlu miqdarda natrium (duz) və doymuş yağ ehtiva edir. Ürək sağlamlığını qorumaq üçün bu məhsulların qəbulu minimum səviyyədə saxlanmalıdır.
Alkoqollu içkilər
Alkoqol qaraciyər sağlamlığına mənfi təsir göstərir  və müxtəlif xəstəliklərin riskini artırır. Ara-sıra qəbul edilməsinin zərəri olmasa da, onun gündəlik vərdişə çevrilməməsi tövsiyə olunur.
Həddən artıq duz istehlakı
Həddən artıq duz qəbulundan qaçmaq üçün yeməklərdə kimyon, sarımsaq və ya qara istiot kimi ədviyyatlardan istifadə etmək daha sağlam seçimdir.
Hazır şirniyyatlar
Qənnadı məhsulları və qazlı içkilər boş kalori və zərərli yağlar ehtiva edir. Bu məhsulların qəbulunun azaldılması piylənmə və yüksək triqliserid kimi problemlərin qarşısını almaqda faydalıdır.
Qırmızı ət
Qırmızı ət protein baxımından zəngin olsa da, yüksək doymuş yağ tərkibinə görə xolesterin səviyyəsini mənfi təsirləyə bilər. Həftədə bir neçə dəfə ilə məhdudlaşdırılması və balıq, bitki mənşəli proteinlər və ya az yağlı ətlə balanslaşdırılması tövsiyə olunur.
Tam yağlı süd məhsulları
Yüksək yağ tərkibli süd və süd məhsulları çəki artımına və maddələr mübadiləsi problemlərinə səbəb olur. Yağsız və ya bitki mənşəli alternativlər daha sağlam seçim sayılır.
Bəs nə yeməli?
50 yaşdan sonra sağlam qalmaq üçün rasionda bol miqdarda meyvə, tərəvəz, tam taxıllar, paxlalılar və qoz-fındıq olmalıdır. Zeytun yağı və avokado kimi sağlam yağların qəbulu da çox önəmlidir.
Somon kimi yağlı balıqlar həm omeqa-3 yağ turşuları, həm də sümük və ürək sağlamlığı üçün vacib olan D vitamini ilə zəngindir.
Yaşıl çay immun sistemini gücləndirir, eyni zamanda qocalma prosesini yavaşladır. Zərdəçal isə antioksidant və iltihab əleyhinə xüsusiyyətləri ilə qan şəkərinin tarazlığını qorumağa kömək edir.