8 manata özbək pomidorlarının alıcısı var, amma ehtiyatlı olun! - Ekspertdən XƏBƏRDARLIQ

"Yerli məhsullar daha etibarlıdır, baha həmişə keyfiyyət demək deyil”

Bazarda 8 manata “özbək sortu” pomidor satılır. Bu barədə qida məsələləri üzrə mütəxəssis Ağa Salamov məlumat verib. Mütəxəssis 8 manata “özbək sortu” pomidorunu keyfiyyətini yoxlamaq, dadını bilmək məqsədilə alıb. Bu pomidoru daddıqda isə onun bizim ağız tamına uyğun olmadığını, keyfiyyətininsə o qədər yüksk olmadığı qənaətinə gəlib. Mütəxəssis qeyd edib ki özbək pomidorunda “umami” dadı var. Bu, “beşinci dad”dır. Ənənəvi şirin, duzlu, acı, turş dadları özündə bişləşdirən əlavə elementdir. Məlumdur ki umami “Yapon duzu” da adlanır. Ondan müxtəlif qida məhsullarına xüsusi çəkici, cəlbedici və vərdirşetdirici xüsusiyyət vermək üçün istifadə edilir. Müxtəlif ət və kolbasa məmulatlarına, fast-foodların hazırlanmasında bu əlavə qatqı maddəsindən istifadə edilir. O cümlədən bəzi tərəvəzlərin ytişdirilməsində də. A.Salamov özbək pomidorunun tamına baxdıqdan sonra “bazarlarda ‘Özbək pomidoru” adı ilə satılan bu əl yandıran qiymətli pomidor dad baxımından qismən cəlbedici olsa da, bizim ənənəvi Zirə pomidorunun ətrini, dadını və görünüşünü əvəz edə bilməz. Zirə pomidoru torpağın, günəşin və yerli iqlimin verdiyi o özünəməxsus ləzzəti ilə hələ də birincidir”, söyləyib.

İqtisadçı Rauf Qarayev “Shega.az”a açıqlamasında bildirdi ki, özbək pomidoru əsasən “Şərq bazarı” adlanan ticarət mərkəzində satılır: 

- Azərbaycana özbək pomidoru idxal olunur. Pomidorlar dadına görə keyfiyyətli hesab olunur və yerli pomidorlardan da çox yüksək qiymətə satılır. 8 manata ola bilər qiymət. Ümumiyyətlə, meyvə-tərəvəzlər müxtəlif ölkələdən idxal olunur, ekzotik meyvələr də var. Məhdud sayda olur amma. Çünki kütləvi alış üçün deyil, qiymətləri çox baha olduğundan müəyyən bir kontingent onları almaq iqtidarındadır. Hazırda meyvə-tərəvəzlər istixanalarda yetişdirilir və bazara çıxarılır. İstənilən məhsulu bazarlarda tapmaq mümkündür. Özbək pomidorları əlbəttə yüksək qiymətə təklif olunur. Onun da öz alıcıları var. Kimlərsə bəyənir dadını. Eşitdiyimə görə, keyfiyyətlidirlər. Saxta məhsullarsa həmişə olur. Hansısa məhsul populyarlaşırsa, onun saxtası da bazara ayaq açır. Üzərində “özbək sortu” etiketinin vurulması bu məhsulun Özbəkistandan idxal olunduğunu həm təsdiqləyə bilər, həm də aldadıcı ola bilər. Mümkündür ki, “özbək sortu”, məsələn “Qazax pomidoru” kimi tanıdığımız çəhrayı, yumşaq, sulu pomidor sortları kimi ölkəmizdə, itsixanalarda yetişdirilsin. Etiket alıcı cəlb etmək üçün vurula bilər. Yaxşısı budur, əhali yerli məhsullara, tanıdğı, həmişə istehlak etdiyi sortlara üstünlük verilsin. Qiymətin yüksək olması, heç də hər zaman keyfiyyət göstəricisi deyil.