AİB sədri: “Kəsim və sanitariya qaydalarına əməl edilməyən toyuqlar sağlamlıq üçün təhlükəlidir”

Rənglənmiş toyuqlar axırımıza çıxacaq

İctimai nəzarət mexanizmi gücləndirilməli, hər bir vətəndaş və sahibkar Qida Təhlükəsizliyi Agentliyinin işinə dəstək verməlidir

Azərbaycanda qida təhlükəsizliyi sahəsində ciddi nöqsanlar yenidən gündəmə gəlib. Abşeron rayonu, Xırdalan şəhərində fiziki şəxs Salahov Şahin Salam oğluna məxsus həyətyanı sahədə fəaliyyət göstərən quş kəsimi sexinin qeyri-qanuni və anti-sanitar şəraitdə işləməsi aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin yoxlaması zamanı müəssisənin həm rəsmi qeydiyyatdan keçmədiyi, həm də sanitar-gigiyenik tələblərə tam əməl etmədiyi üzə çıxıb.

Məlum olub ki, kəsim prosesi baytarlıq-müşayiətedici sənədlərsiz, heyvan rifahı və sanitariya normalarına əməl olunmadan həyata keçirilib, toyuqlar isə birbaşa döşəmə üzərinə yığılıb. Eyni zamanda məhsulların “kənd toyuğu” təəssüratı yaratmaq məqsədilə mənşəyi məlum olmayan rənglərlə rənglənməsi halları da aşkarlanıb. Bu hallar istehlakçıların sağlamlığı üçün ciddi risk təşkil edir və qida təhlükəsizliyi sisteminin əhəmiyyətini bir daha gündəmə gətirir.

Faktla bağlı sahibkar barəsində inzibati icraat başlanılıb. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanca verilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müəssisənin fəaliyyəti dayandırılıb".

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında bildirib ki, toyuğun yetişdirilməsi çərçivəsində üç cür toyuq olur:

“Tam azad toyuqlar, yəni onlar səhər buraxılır, istədiyi kimi dənlənir və onlara arpa, buğda, yem verilir. Yarı-azad toyuqlar bunlar da hava altında olurlar. Onların qalmaq üçün yerləri üstü örtülü olur, gəzmək üçün hasarın içində açıq havada olurlar. Əksər hallarda broyler yemi, arpa, buğda ilə qidalanırlar. Broyler toyuqları isə sürətli böyüməsi üçün sənaye üsulu ilə yetişdirilən toyuqlardır. Bu toyuqların qidalanmasında xüsusi yem qarışıqları və əlavələr istifadə olunur”.

E.Hüseynov vurğulayıb ki, kənd toyuqları digər toyuqlardan əsasən ayaqlarının sarılığı ilə fərqlənir. Lakin bəzi yarı-azad toyuq təsərrüfatları məhsullarını kənd toyuqlarına bənzətmək üçün rəngləndiricilərdən istifadə edir ki, bu da istehlakçıları çaşdırır. O, həmçinin qeyd edib ki, Bakı və ətrafında yarı-azad toyuq yetişdirən ən azı 20 təsərrüfat var, lakin onların bir qismi qanuni qeydiyyatdan keçmir və anti-sanitar şəraitdə fəaliyyət göstərir. Bu isə istehlakçılar üçün ciddi risk yaradır, çünki insanlar məhsulun keyfiyyətini sadəcə gözü ilə ayıra bilmirlər. Kəsilmə və sanitariya qaydaları məsələsinə toxunan AİB sədri bildirib ki, toyuqların kəsilməsi yalnız xüsusi sexlərdə, sanitariya normalarına tam riayət edilməklə həyata keçirilməlidir:

"Kəsilmə prosesində işçilərin gigiyena qaydalarına əməl etməsi, əlcəklər və xüsusi geyimlərdən istifadə etməsi, kəsim sexlərinin təmiz və dezinfeksiya olunması, ət məhsullarının düzgün saxlanması və soyudulması, çirkli və təmiz sahələrin ayrılması kimi vacib tələblərə əməl olunmalıdır. Bu qaydalara əməl edilməyən sexlərdən alınan məhsullar həm insan sağlamlığı üçün təhlükə yaradır, həm də qanunsuz fəaliyyət hesab olunur. Hər bir qida biznesi ilə məşğul olan fiziki və hüquqi şəxs, qida zəncirinin istənilən mərhələsində mütləq AQTA-da qeydiyyatdan keçməli və lisenziya almalıdır. Satıcılar məhsulu təqdim edərkən istehlakçıya sənədləri göstərməyə məcburdur. İctimai nəzarət mexanizmi gücləndirilməli, hər bir vətəndaş və sahibkar Qida Təhlükəsizliyi Agentliyinin işinə dəstək verməlidir. Eyni zamanda istehlakçılar məhsul alarkən keyfiyyət və təhlükəsizlik meyarlarını bilməli, yalnız qanuni və sertifikatlı məhsulları seçməlidirlər. Bu yanaşma ilə həm istehlakçılar sağlam və təbii qidalanacaq, həm də qida istehsalında qanunsuzluqların qarşısı alınacaq”.