Apteklərdə antibiotiklərin reseptsiz satışı qadağan olunmalıdır - HƏKİM

Şahvələd Məmmədov: "Mən həkim olaraq pasiyenti cüzi sınaq dozası ilə şokdan 6 saata çıxarmışımsa, görün evdə bu hal baş versə, nəticə nə olardı"

“Bizim insanların psixologiyasında belə yanlış təsəvvür, yanlış inanc formalaşıb ki guya sistem qoşulan kimi, sistem vurulan kimi hər şey düzəlir, antibiotik vurulmasa, adam sağalmayacaq. Tez qaçırlar aptekə, antibiotik alırlar, "aptekçi"dən “məsləhət” istəyirlər, o da 3-4 dərman məsləhət görür, sistem şlanqı, “baboşka” və işlər “düzəldi”. Daha təsəvvür belə etmirlər ki, yanlış müalicə, yanlış preparatlar insanın ölümünə səbəb ola bilər".

Bu sözləri “Sherg.az”a açıqlamasında həkim terapevt Şahvələd Məmmədov 60 yaşlı kişinin antibiotic tərkibli iynə vurulduqdan snra həyatını itirməsi hadisəsi ilə bağlı dedi. 

Xatırladaq ki, Bakının Binəqədi rayonunda 60 yaşlı kişi antibiotik iynəsinin təsirindən ölüb. Hadisə ötən gün baş verib. Məlumata görə, 1966-cı il təvəllüdlü Vüqar Qulamhəsən oğlu Məmmədovun səhhətində problem yaranıb və ailəsi tərəfindən ona antibiotik iynəsi vurulub. 

 Həkim qeyd etdi ki, dünyanın heç bir ölkəsində həkim təyinatı olmadan antibiotik qəbulu və ya iynə vurulması, evdə özbaşına infuziya (sistem qoşdurmaq), dava-dərman məsələsi yoxdur:

- Özbaşına dərman qəbulu, iynə vurdurmaq nəticəsində uşaqlar da tələf olur, böyüklər də. Bir neçə gün əvvəl bir pasiyentimiz 0.2 ml dəri içi sınaqdan (Seftriakson) anafilaktik şoka düşdü, biz onu şokdan 6 saata güclə çıxardıq. Tibb müəssisəsində, həkimin nəzarəti altında belə hal baş verə bilirsə, görün evdə belə hadisə olsa, nə baş verəcək. Təbii ki insanı şokdan çıxarmaq mümkün olmayacaq və o, vəfat edəcək. Evdə adama antibiotik vurulub, insan dünyasını dəyişib. Deməli, antibiotiklərin nəzarətsiz istifadəsi təhlükəlidir. Ümumiyyətlə, antibiotiklər bir çox fəsadlara gətrib çıxarır. İlk növbədə immuniteti aşağı salır. Göbələk və göbələyə bənzər bağırsaq mikroflorasının pozulmasına şərait yaradan vəziyyətə gətirib çxıarır. Həkim təyinatı, həkimin resepti olmadan nəinki inyeksiya (iynə, sistem vurdurmaq), antibiotik tərkibli tabletləri də heç qəbul etmək olmaz. Bu çox böyük riskdir. 

Ş.Məmmədov bildirdi ki, təhükəni nəzərə alaraq apteklərdə antibiotiklərin reseptsiz satışı qadağan olunmalıdır: 

- Antibiotik tərkibli preparatların sınağı da tibb müsəsisəsində icra edilməlidir. Mən həkim olaraq pasiyenti cüzi sınaq dozası ilə şokdan 6 saata çıxarmışımsa, görün evdə bu hal baş versə, nəticə nə olardı. Ona görə də antibiotiklərin reseptsiz satışı Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən qadağan edilməlidir.