Artan təhlükə: Hər dörd uşaqdan biri piylənmə ilə mübarizə aparır

Türkiyədə uşaqlıq çağı piylənməsi sürətlə artır. Hər dörd uşaqdan biri həddindən artıq piylənmədən əziyyət çəkir və bu uşaqların təxminən 80 faizi böyüdükdə də piylənmə problemi yaşayır.

Sherg.az xəbər verir ki, əsas səbəblər hərəkətsizlik, yanlış qidalanma və ekran asılılığıdır.

Mütəxəssislər bildirir ki, piylənmə yalnız çəki problemi deyil; yüksək təzyiq, şəkərli diabet, xolesterin artımı və qaraciyər piylənməsi kimi ciddi xəstəliklərə yol açır. Dünyada hazırda 150 milyon piylənmiş uşaq var və 2030-cu ilə qədər bu rəqəmin ikiqat artacağı proqnozlaşdırılır.

Bir çox ailə uşağın artıq çəkili olduğunu belə fərq etmir; cəmiyyətdə kök uşaq “sağlam” kimi qəbul edilir. Halbuki məktəb yaşında bu uşaqlar zorakılıq və psixoloji təzyiqlə də üzləşirlər.

Mütəxəssislər qeyd edir ki, dərman və iynələr köməkçi vasitə ola bilər, əsas həll yolu həyat tərzinin dəyişdirilməsidir: ailə maarifləndirilməsi, düzgün qidalanma, fiziki aktivlik və psixoloji dəstək. Ailələrə çağırış edilir ki, uşaqlarda qidalanma pozuntusu müşahidə etdikdə vaxtında həkim və mütəxəssisə müraciət etsinlər.