Bir iynə üçün kilometrlərlə yol getməlidirlər - Ucqar kəndlərdə səhiyyə böhranı

  • Kəndlərdə tibb məntəqəsi yoxdur, tibb bacılarına isə qadağa qoyulub

Ev şəraitində vurulan iynələrdən ölüm halları səhiyyə sistemindəki ciddi çatışmazlıqları da üzə çıxarır. Problemlər təcili həll edilməlidir ki, insanlar ev şəraitində həkimlik etməyə, evdar qadınlar isə tibb bacısı rolunu üzərlərinə götürməyə məcbur qalmasınlar.

Ola bilər, kimsə irad bildirərək ev şəraitində özbaşına müalicəyə əl atılmasını insanların məlumatsızlığı ilə əlaqələndirsin. Bu da mümkündür. Ancaq hər nəticənin bir səbəbi var. Ev şəraitində vurulan iynələrdən ölüm hallarının səbəbi yalnız insanların özbaşına müalicəyə əl atması deyil. Bunun başqa və daha ciddi səbəbləri də var: bölgələrdə, xüsusilə kəndlərdə tibb məntəqələrinin olmaması, regionlarda həkim çatışmazlığı, üstəlik, tibb bacılarının evlərə gedərək iynə vurmasına qoyulan qadağa.

Məsələyə münasibət bildirən həkim-pediatr Vaqif Qarayev Sherg.az-a açıqlamasında bildirib ki, mövcud qaydalara əsasən, ev şəraitində iynə vurulmasına icazə verilmir. Lakin bölgələrdə tibbi xidmətə əlçatanlıqla bağlı ciddi problemlər var:

“Qanun belədir ki, evlərdə iynə vurmaq olmaz. Bir vaxtlar sovet dövrünün tibb bacıları ciblərində sistem şlanqları, müxtəlif dərmanlar gəzdirərdilər. İndi bu sahədə müəyyən qədər mədəniləşmə var, gənc xanımlar gigiyenik məsələlərə fikir verirlər.

Ev şəraitində iynə vurulması məsələsinə gəlincə, səhv etmirəmsə, ötən il TƏBİB belə bir açıqlama vermişdi ki, bölgələrdə yüzlərlə kənddə tibb məntəqəsi yoxdur. Yəni tibb məntəqəsi yoxdursa, tibb işçisi də yoxdur. Həkim çatışmazlığından isə heç danışmayaq. Bəs necə olsun? Bir iynə vurdurmaq üçün insan neçə kilometr yol qət edərək rayon mərkəzinə getməlidir?

Kimsə deyə bilər ki, iynə xəstəxana şəraitində vurulmalıdır. Düz deyir, iynə həkim nəzarəti altında vurulmalı, həkim təyinatı olmadan heç bir halda tətbiq edilməməlidir. Amma fiziki olaraq həkim yoxdursa, necə olsun?”

Həmkarımız Zülfiyyə Quliyeva isə Şəki rayonunda yaşanan hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edib. O, ucqar kəndlərdə tibbi xidmətə əlçatanlığın yaratdığı çətinliklərdən bəhs edib:

“Bu yaxınlarda Şəkinin ucqar dağ kəndlərindən birində yaşayan qohumum bərk xəstələnmişdi. Həkim ona vena daxili iynələr, el dili ilə desək, sistem təyin etmişdi.

Kəndin tibb məntəqəsi xəstələrdən imdad diləyir. Bir tibb bacısı var, ona da evdə iynə vurmaq qəti qadağan edilib. Əks halda, işdən çıxarılacaq. O da kənddən kiminsə TƏBİB-ə xəbər verəcəyindən qorxaraq, xəstə ölümcül vəziyyətdə olsa belə, heç kimə iynə vurmur.

Nəticədə qohumum həmin iynələri vurdura bilmədi. Çünki hər gün şəhərə gedib-gəlmək üçün nəqliyyat yoxdur.

İndi TƏBİB desin görək, bu tibb bacısı ştatı nə üçün yaradılıb? Madam ki, həmin tibb bacısının varlığı yaralı barmağa dərman deyil”.