BMT uşaqları qızılca və poliomielitə qarşı peyvənd etməyə çağırıb
05:45 08.11.2020
Sağlamlıq
652
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunda (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) hesab edirlər ki, koronavirus pandemiyası uşaqların peyvənd olunmasına mane olmamalıdır.
AZƏRTAC BMT-nin xəbərlər xidmətinə istinadla bildirir ki, qurum poliomielit və qızılca epidemiyasının qarşısını almaqdan ötrü bu sahədə mümkün olan bütün zəruri tədbirləri görməyə səsləyib.
Səhiyyə sisteminin resursları indi əsasən COVID-19 pandemiyasına qarşı mübarizəyə yönəldiyindən bir çox ölkələrdə vaksinasiya kampaniyasına gecikmələr müşahidə olunur. ÜST və UNICEF-də aparılan hesablamalara görə, peyvənd və immunizasiya üzrə Qlobal Alyansdan (GAVİ) dəstək almayan ölkələrdə bu istiqamətdəki bütün boşluqları doldurmaq üçün 655 milyon dollar tələb olunur.
“COVID-19 pandemiyasının nəticələri səhiyyə sahəsinə, xüsusən də qlobal miqyaslı immunizasiya prosesinə son dərəcə mənfi təsir göstərir. Bununla belə, COVID-19 pandemiyası ilə bağlı yaranmış vəziyyətdən fərqli olaraq, bizdə poliomielit və qızılca ilə mübarizə aparmaq üçün bütün lazımi bilik və vasitələr var”, - deyə ÜST-nin rəhbəri Tedros Qebreyesus söyləyib.
“Biz bu sahədə qazandığımız bütün bilik və bacarığımızı, müvafiq əyani vasitələri tətbiq etməkdən ötrü kifayət qədər iradəyə və resurslara malikik. Əgər biz buna nail olsaq, bir çox uşağın həyatını xilas edə bilərik”, - deyə o əlavə edib.
Son bir neçə ildə qızılca xəstəliyinin qlobal miqyasda sürətlə yayılması müşahidə olunur. Mütəxəssislər əsas səbəblərdən biri kimi əhalinin peyvəndlərdən imtina etməsini göstərirlər. 2019-cu ildə bu xəstəliyə yeni yoluxmaların sayı son 20 il ərzində qeydə alınmış ən yüksək həddə çatıb. COVID-19 pandemiyası bu sahədəki mövcud vəziyyəti daha da gərginləşdirib.
Bununla yanaşı, Pakistan və Əfqanıstanda, habelə Afrikanın bəzi regionlarında poliomielit xəstəliyinə tutulanların sayının artacağı ehtimal olunur. ÜST xəbərdarlıq edir ki, xəstəliyin yayılması indi dayandırılmasa, yaxın 10 il ərzində yeni yoluxanların sayı ildə 200 minə çata bilər.
“COVID-19 qlobal pandemiyasına qarşı mübarizə çox vacibdir. Lakin dünyanın ən yoxsul bölgələrində milyonlarla uşağın həyatını riskə məruz qoyan digər çox təhlükəli xəstəliklər var. Biz bütün ölkələrin rəhbərlərini, donorları və tərəfdarları bu istiqamətdə birgə əməkdaşlığa dəvət edirik. Bununla belə, yenidən vaksinasiya kampaniyasını başlamaq üçün bizim hələ də əlavə maliyyə resurslarına ehtiyacımız var”, - deyə doktor Tedros vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region