Bu virusa yoluxma halları sürətlə artır -Pediatrdan SOS!

Son günlər uşaqlar arasında İnfluenza A infeksiyasına daha tez- tez rast gəlinir. Yoluxma halları sürətlə artır. Valideynlər çox vaxt bunu sadə soyuqdəymə ilə qarışdırır, amma İnfluenza A uşaqlarda daha ağır gedişli olur.

“Sherg.az” xəbər verir ki, bu sözləri pediatr Sevda Süzme deyib. 

İnfluenza A infeksiyasının adətən qəfil başladığını vurğulayan pediatr qeyd edib ki, uşaq birdən- birə halsızlaşır, yüksək hərarət, əzələ bə baş ağrısı, boğaz ağrısı, öskürək və iştahsızlıq müşahidə olunur:

“Kiçik uşaqlarda qusma və ishal da əlavə oluna bilər. Adi virus infeksiyalarından fərqli olaraq, İnfluenza A zamanı uşağın ümumi vəziyyəti daha tez- tez pozula bilər. Xüsusilə məktəbəqədər yaşda olan uşaqlarda, xroniki xəstəliyi olanlarda və körpələrdə ağırlaşma riski daha yüksəkdir. Bəzi hallarda valideynlər “bir az gözləyək, keçər! Yanaşmasını seçir. Amma hərarət bir neçə gün yüksək qalırsa, uşaq əvvəlki kimi aktiv deyilsə, nəfəs almaqda çətinlik, sürətli yorulma və ya qəbulunun azalması müşahidə olunursa, bu artıq qiymətləndirilməlidir. İnfluenza A təkcə bir neçə gün davam edən narahatlıq deyil. Doğru izləmə və vaxtında tibbi yanaşma ağırlaşmaların qarşısını almaqda mühüm rol oynayır. Buna görə mövsüm ərzində uşaqlarda yaranan yüksək hərarət və ümumi vəziyyət dəyişikliklərinə diqqətlə yanaşmaq vacibdir”.

Qeyd edək ki, qrip riskinə görə Səhiyyə Nazirliyindən əhaliyə xəbərdarlıq edilib. Bildirilib ki, hava şəraitinin dəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi kəskin respirator virus infeksiyalarının geniş yayılmasına şərait yaradır. 

Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının azaldılması məqsədilə Səhiyyə Nazirliyi vətəndaşları məsuliyyətli davranmağa, xüsusilə risk qruplarına daxil olan şəxsləri mövsümi qripə qarşı peyvənd olunmağa çağırıb. Bununla yanaşı, vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, əlləri mütəmadi olaraq yumaq, qapalı və sıx məkanlarda tibbi maskalardan istifadə etmək, xəstəlik əlamətləri müşahidə olunduqda evdə qalmaq və özünümüalicədən çəkinərək vaxtında həkimə müraciət etmək tövsiyə olunur.