Bunu sınasanız da edə bilməzsiniz! İnsan niyə özünü qıdıqlaya bilmir?

Qıdıqlanmaq çox vaxt nəzarətsiz gülüşlərlə nəticələnir, amma bu, özümüzə gəldikdə tamamilə itir. Bəs niyə? Cavab beyinlərin sürprizlərə verdiyi reaksiyada gizlənir.

Sherg.az xəbər verir ki, neyrobiologiya tədqiqatları göstərir ki, bu hal təsadüfi deyil. Ətraflı məlumatı təqdim edirik...

Nə qədər çalışsanız da, nəticə eynidir: insan özünü qıdıqlaya bilmir. Sadə görünən bu halın arxasında isə beynin olduqca mürəkkəb işləmə sistemi dayanır. Alimlərin illərdir araşdırdığı bu maraqlı refleks əslində beynin bizi necə qoruduğunu da göstərir.

Qıdıqlanma hissi sadə bir toxunma refleksindən daha mürəkkəb bir neyroloji prosesin nəticəsidir. Dəriyə yüngül toxunuşlar, xüsusilə müəyyən bölgələrdə sinir uclarını stimullaşdıraraq beyində ani və nəzarətsiz reaksiyalara səbəb olur.

Bu reaksiyalar çox vaxt gülüş, qorxu və ya qaçma refleksi şəklində ortaya çıxır. Maraqlı tərəfi isə odur ki, bu hiss yalnız gözlənilməz bir xarici stimul ilə tətiklənə bilir.

İnsanın özünü qıdıqlaya bilməməsinin əsas səbəbi beynin hərəkətləri qabaqcadan təxmin edə bilməsidir. Beyin, insanın öz əzələlərindən gələn siqnalları anlıq analiz edir və toxunuşun nə vaxt, harada və necə baş verəcəyini əvvəlcədən bilir.

Bu önqörü sayəsində duyğu mərkəzlərindəki reaksiyalar zəifləyir. Yəni beyin, “Bu toxunuş sürpriz deyil” deyərək qıdıqlanma hissini deaktiv edir.

Qıdıqlanmanın əsas gücü sürpriz elementindən gəlir. Başqasının etdiyi toxunuşun vaxtı və gücü əvvəlcədən bilinmədiyi üçün beyin müdafiə rejiminə keçir.

Bu da gülmə refleksini və qaçmaq istəyini reallaşdırır. Təkamül baxımından bu mexanizm, potensial təhlükələrə qarşı bədəni ayıq tutmaq üçün funksionaldır.

Alimlər, özünü qıdıqlaya bilməmə fenomenini araşdırarkən bəzi neyroloji xəstəliklərə də işıq tuturlar. Xüsusilə şizofreniya xəstələrində beynin öz hərəkətlərini qabaqcadan təxmin etmə mexanizmində qüsurlar müşahidə olunur.

Bu səbəbdən bəzi xəstələr öz etdikləri toxunuşları belə yad bir stimul kimi qavrayırlar. Bu isə göstərir ki, qıdıqlanma hissi yalnız fiziki deyil, həm də zehni bir prosesdir.