COVID-19-dan sonra “beyin sisi” şikayətləri artıb

COVID-19-dan sonra "beyin sisi" adlandırılan diqqət və yaddaş problemləri daha çox müşahidə olunur. Sherg.az xəbər verir ki, türk nevroloq Prof. Dr. Nihal İşık bildirib ki, beyin sisi xəstəlik deyil, düşünmə sürəti və yaddaşla bağlı çətinlikləri ifadə edən simptomlar toplusudur.

Ən çox rast gəlinən hallar söz tapmaqda çətinlik, unutqanlıq, diqqət dağınıqlığı və yeni məlumatları gec qavramaqdır. Yuxusuzluq, stress, hormonal dəyişikliklər və uzunmüddətli COVID sağalma prosesi bu vəziyyəti gücləndirə bilər.

Mütəxəssis vurğulayır ki, şikayətlər gündəlik həyata təsir edirsə, tibbi müayinə vacibdir. Yuxu rejimini bərpa etmək, balanslı qidalanmaq, kifayət qədər su içmək, idmanla məşğul olmaq və krossvord, sudoku kimi zehni fəaliyyətlər beyin funksiyalarını dəstəkləyir.