ABŞ-də "COVİD-19" vaksini ilə əlaqəli olduğu iddia edilən ölüm halları araşdırılmağa başlanıb. Vaksinlərin 10 uşağın ölümünə səbəb olduğu iddia edilsə də, bununla bağlı hər hansı sübut yoxdur.
Sherg.az xəbər verir ki, ABŞ Qida və Dərman Agentliyi (FDA) "COVİD-19" vaksini ilə əlaqələndirilən ölümlərlə bağlı genişmiqyaslı araşdırma aparmağa başlayıb.
ABŞ-da vaksinlərlə bağlı skeptik mövqeyi ilə tanınan Sağlamlıq Naziri Robert F. Kennedy Jr. vəzifəyə gələn kimi vaksin siyasətini yenidən nəzərdən keçirməyə başlamışdı. Bu addım isə tibb dünyasında ciddi tənqidlərə səbəb olmuşdu.
ABŞ Sağlamlıq və İnsan Xidmətləri Departamentindən Andrev Nixon AFP-yə açıqlamasında bildirib:
“FDA, "COVİD-19" vaksini ilə əlaqəli ölümlərə dair müxtəlif yaş qruplarında araşdırmalar aparır. İlk mərhələdə diqqət ehtimal olunan uşaq ölümlərinə yönəldiləcək.”
Keçən il, vaksinə dair daxili sənədlərin sızdırılması ilə müzakirələr yenidən alovlanmışdı. Sənədlərdə, yüksək vəzifəli FDA rəsmisinə istinad edilərək, "COVİD-19" vaksininin ən azı 10 uşağın ölümünə səbəb olduğu iddia edilirdi. Lakin bu iddianı təsdiqləyən heç bir sübut yoxdur.
Dünya üzrə müxtəlif səhiyyə orqanları "COVİD-19" vaksinlərinin təsirini və təhlükəsizliyini araşdırmış və sənədləşdirmişdir. Mütəxəssislər vurğulayırlar ki, nadir hallarda baş verən ciddi yan təsirlər vaksinin faydalarını üstələyə bilməz.
Amerikan Pediatri Akademiyası 6–23 aylıq uşaqların ciddi xəstəlik riski səbəbindən "COVİD-19" vaksini olunmasını tövsiyə edir. ABŞ-lı ginekoloqlar da hamilə olan və hamilə qalmağı planlayan qadınlara "COVİD-19" vaksini olunmasını məsləhət görür.
Bu tövsiyələr, Kennedy Jr-ın sağlam uşaqlar və hamilə qadınlar üçün Covid vaksini məcburiyyətini ləğv etməsindən sonra verilmişdir.
Dünya üzrə "COVİD-19" pandemiyasının başlamasından artıq beş ildən çox vaxt keçməsinə baxmayaraq, ABŞ-da 2025-ci ilin aprelinə olan statistikaya görə, hər həftə 300-dən çox insan "COVİD-19" səbəbindən həyatını itirirdi.
2024-cü ildə ABŞ-da hər 100 min nəfərdən 722-si "COVİD-19" səbəbindən ölüb. Ümumi ölüm sayı isə 3 milyon 100 min olaraq qeydə alınıb.
Mütəxəssislər yüksək ölüm sayını vaksinasiya səviyyəsinin aşağı olmasına və müalicəyə kifayət qədər çıxışın olmamasına bağlayır. Vaksin mütəxəssisi Dr. Qreqori Poland ABC News-ə açıqlamasında bildirib ki, insanların kifayət qədər vaksinə olunmaması "COVİD-19" səbəbindən ölümlərə yol açıb.
Bundan əlavə, mütəxəssislər qeyd edirlər ki, vaksinlə əldə olunan immunitet zamanla zəifləyir və bu, yoluxma riskini artırır.