Dövlət həbsxanaya gəlir: Məhbuslara icbari tibbi sığorta dövrü başlayır

Hər il 1500-dən çox həbs edilmiş, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) də icbari tibbi sığorta hesabına tibbi xidmətlərin göstərilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Tibbi sığorta haqqında" qanuna edilən dəyişikliklər nəticəsində sığortaolunan şəxslərin əhatə dairəsi genişlənib:

"Ədliyyə Nazirliyinin zəruri avadanlıq və mütəxəssisinin olmadığı hallarda xidmətlər icbari tibbi sığorta hesabına təmin olunacaq. Bunun üçün 200 min manata qədər maliyyə vəsaiti ayrılıb".

Sədr həmçinin vurğulayıb ki, Agentlik ölkə vətəndaşlarının, qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərin icbari tibbi sığortadan yararlanmasını da təmin edir.