Mütəxəssislər xəbərdarlıq edir ki, uşaqların erkən yaşda ekranla tanış olması ciddi inkişaf riskləri yaradır. Sherg.az xəbər verir ki, Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə türk mütəxəssis Dr. Barış Yazar bildirir ki, 0-3 yaş dövrü beyin inkişafının ən sürətli mərhələsidir və bu dövrdə ekrana məruz qalma danışıq gecikməsi, diqqət azalması, sosiallaşma problemləri, həmçinin aqressiv davranışların yaranmasına səbəb ola bilər.
Tövsiyə olunan gündəlik ekran müddətləri tez-tez aşılır. Halbuki mütəxəssislərə görə 0–2 yaşda ekran istifadəsi olmamalı, 2–5 yaşda isə gündə maksimum 1 saat olmalıdır. Ekran asılılığının əsas əlamətləri sırasında ekran bağlandıqda aqressiya, yuxu problemləri və ünsiyyətin azalması göstərilir.
Dr. Yazar vurğulayır ki, uşaqlar danışmağı ekrandan deyil, canlı ünsiyyət yolu ilə öyrənirlər. Yemək və yuxu öncəsi ekran istifadəsi isə həm qidalanma, həm də yuxu pozuntularına yol aça bilər. Mütəxəssis valideynlərə ekran vaxtına dəqiq və qəti sərhədlər qoymağı, ekran əvəzinə isə kitab oxuma, oyunlar və açıq hava fəaliyyətlərini təşviq etməyi tövsiyə edir.