Elçilikdə narkotest müzakirəsi: Professor “tam normaldır” deyir

Deputat valideynləri haqlı saydı

Azərbaycanda qızına elçi gələn ata oğlandan sağlamlıq arayışı tələb edib.

Şəxsi inkişaf kouçu Gülgün Quliyeva bu halı gələcəyə yönəlik məsuliyyətli addım kimi qiymətləndirib.

G.Quliyeva bildirib ki, ata oğlandan əsasən veneroloji xəstəliklərin olub-olmaması barədə məlumat və narkotest tələb edib:

“Sağalırıq, millət. Bunu edən ata idi, ana yox,” – deyə o vurğulayıb.

Bu açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Atanın qızına elçi düşən ailədən oğlanın sağlamlığı ilə əlaqədar arayış və narkotest istəməsini bəzi vətəndaşlar normal və lazımlı hesab etsə də bəziləri buna qarşıdır ki, cəmiyyətdə stiqma və etimadsızlıq yaradır.

Professor Adil Qeybulla "Sherg.az"a bildirib ki, elçilik mərhələsində oğlandan sağlamlıq arayışı və narkotest tələb olunmasını tam normal qəbul etmək lazımdır: "Yaranmış situasiyanın diktəsidir. Tibbi baxımdan da tam anlaşılan və məntiqli yanaşmadır.Bu cür yoxlamalar nə təhqir, nə də etimadsızlıq kimi qəbul edilməlidir. Proses qarşılıqlı olmalı, həm oğlan, həm də qız evlilik öncəsi tibbi müayinədən keçməlidir. Məsələ stiqma yaratmaqda deyil, sağlam ailə modelinin formalaşdırılmasındadır".

Milli Məclisin deputatı Ceyhun Məmmədov da qeyd edib ki hər bir valideyn öz övladının xoşbəxt olmasını istəyir: "Nəzərə alsaq ki, bu gün bir sıra hallarda gənclər narkotik vasitələrdən də istifadə edirlər, o mənada valideynin narahatlığı başa düşüləndir. Mən düşünürəm ki, birmənalı olaraq yaxşı olar ki, bu məsələni gündəmə gətirək, ümumiyyətlə, ailə quran gənclər sağlamlıqla bağlı arayış təqdim etsinlər. Yəni onların zərərli vərdişlərə meyilli olub-olmaması, fiziki və mənəvi sağlamlığının yoxlanılması ilə bağlı bir testin aparılmasına ehtiyac var. Çünki bu elə bir məsələdir ki, mütləq şəkildə bu məsələdən insanlarımız arxayın olmalı, rahat olmalı və bilməlidirlər ki, onların övladları kimlə ailə qurur. Ona görə bunu elə çox şişirtməyin, böyütməyin də mən tərəfdarı deyiləm və düşünürəm ki, bax, bu məsələni də nəzərə almaq lazımdır. Ona görə valideyni qınamağın da heç bir əsası yoxdur, sadəcə biz bunun hüquqi sistemini düşünməliyik".