Yeni bir elmi araşdırma, şüşə sularda orqanizmin müdafiə mexanizmlərini aşa bilən və həyati orqanlara yerləşən mikroplastiklərin mövcud olduğunu ortaya çıxarıb. Mütəxəssislərə görə, bu vəziyyət uzunmüddətli dövrdə xərçəng də daxil olmaqla bir çox xəstəliyin riskini artırır.
Sherg.az xəbər verir ki, Kanadadakı Konkordia Universitetində ətraf mühit üzrə mütəxəssis Sara Sacedinin rəhbərliyi ilə aparılan tədqiqat göstərib ki, mütəmadi olaraq şüşə su içən insanlar, kran suyu istifadə edənlərə nisbətən hər il təxminən 90 min daha çox mikroplastik hissəciyi orqanizmlərinə qəbul edirlər.
Araşdırmaya görə, ölçüsü iki mikrometrə qədər kiçilə bilən bu plastik hissəciklər, həzm və tənəffüs yolları vasitəsilə bədənə daxil olaraq toxumalarda toplanır. Alimlər bildirir ki, mikroplastiklər xroniki iltihab, oksidativ stress, hormonal pozğunluq, sonsuzluq, neyroloji zədələnmə və xərçəng kimi ciddi sağlamlıq problemləri ilə əlaqələndirilir.
Sara Sacedi, birdəfəlik plastik şüşələrin yaratdığı təhlükəni “ciddi sağlamlıq riski” adlandıraraq belə deyib:
“Bu artıq sadəcə ekoloji məsələ deyil - birbaşa sağlamlıq problemidir. İnsanlar gündəlik həyatda plastik şüşələrdən uzaq durmalıdır.”
O əlavə edib ki, “problem ani toksiklik deyil, xroniki toksiklikdir” və plastik şüşələrdən su içməyin yalnız fövqəladə hallarda məqbul olduğunu vurğulayıb.
Ruh sağlamlığına da təsir edir
Avstraliyada aparılan başqa bir araşdırma da mikroplastiklərin insan psixikasına təsir edə biləcəyini göstərib. Sağlam könüllülərdən toplanan nümunələrin təhlili nəticəsində mikroplastiklərin bağırsaq mikrobiotasını dəyişdirdiyi və bu dəyişikliyin bağırsaq xərçəngi və depressiya riskini artırdığı müəyyən edilib.
Mütəxəssislər bildirir ki, mikroplastiklər bağırsaqdakı faydalı bakteriyaların balansını pozur, zərərli biofilm təbəqələri yaradaraq yeni mikrobların inkişafına şərait yaradır. Bu, insan orqanizmində mikroplastiklərin təsirini birbaşa göstərən ilk tədqiqat kimi qeyd olunur.
İnsan orqanizminin hər yerində aşkarlanıb
Son illərdə aparılan araşdırmalar mikroplastiklərin yalnız sularda deyil, ağciyər toxumasında, plasentada, ana südündə və hətta insan qanında belə aşkarlandığını göstərib. Bu, mikroplastiklərin orqanizmə nə qədər dərindən nüfuz edə bildiyini sübut edir.
Sacedi bildirib:
“Mikroplastiklər bağırsaq sistemində disbalans yaradaraq immuniteti zəiflədə, nəfəs aldıqda isə tənəffüs xəstəliklərinə yol aça bilər. Ona görə də mikro və nanoplastiklərin təsirlərini tanımaq və məhdudlaşdırmaq ictimai sağlamlıq üçün həyati əhəmiyyət daşıyır.”
Mütəxəssislərdən çağırış
Alimlər qeyd edir ki, mikroplastik təsirinin uzunmüddətli nəticələri hələ də tam şəkildə araşdırılmayıb və bu, qlobal izləmə mexanizmlərinin və standart testlərin azlığından qaynaqlanır.
Sacedi, birdəfəlik plastik şüşələrə qarşı daha sərt qanunların tətbiq olunmasını tələb edib:
“Səhiyyə qurumları, plastik məhsulların istehsalından utilizasiyasına qədər bütün prosesi yenidən nəzərdən keçirməlidir. İstehsalçılar məhsullarının bütün həyat dövrünə görə məsuliyyət daşımalıdır.”
O həmçinin, istehlakçıların mikroplastiklərin sağlamlığa təsiri barədə məlumatlandırılması üçün məcburi etiketləmə sisteminin yaradılmasını təklif edib.
Sacedi sonda belə deyib:
“Ətraf mühit və sağlamlıq risklərini azaltmaq üçün tənzimləyici tədbirlər görülməlidir. Təmiz suya çıxış hüququ-davamlı və təhlükəsiz gələcəyin təməlidir.”