Stressi yox edir, ruhu sakitləşdirir
İtləri, pişikləri sığallamaq beyin üçün son dərəcə faydalıdır. Bazel Universitetinin tədqiqatçıları dördayaqlılarla maraqlı bir təcrübə aparıblar və məlum olub ki, onlar sahiblərinin beyinlərini unikal şəkildə aktivləşdirir. Bu barədə “Medicina” xəbər paylaşıb. Bildirilir ki, təcrübə zamanı iştirakçılardan ya divanda oturan canlı itləri, ya da canlı itlərə bənzəyən it formasındakı oyuncaq heyvanları sığallamaları istənilib. Tədqiqatçılar eyni zamanda könüllülərin beyinlərini skan edərək bu prosesin onlara necə təsir etdiyini anlayıblar. Məlum olub ki, yalnız canlıları sığallamaq beynin düşüncə və hisslərimizi idarə frontal korteksin aktivləşməsinə səbəb olur. Eyni hal oyuncaqlarla təmas zamanı baş vermir. Alimlər xüsusilə frontal korteksə maraq göstərirlər, çünki o, yaddaş, problem həlli və diqqət, eləcə də bir sıra sosial-emosional proseslər daxil olmaqla bir sıra icra funksiyalarında iştirak edir. Heyvanların köməyi ilə aparılan terapiyanın canlılığı və beyni aktivləşdirmək qabiliyyəti barədə əlavə dəlillər əldə edilib. Məsələn, pişikləri sığallamaq yüksək qan təzyiqi olan insanlara fayda verə bilər. Beyin reabilitasiyası insult, beyin zədələri və tutma xəstəlikləri keçirmiş insanlar üçün vacibdir. Onlar tədricən həyata qayıtmalı, ünsiyyət qurmaq və reallığı qavramaq qabiliyyətlərini bərpa etməlidirlər. Artıq sübut edilib ki, bu xəstələrə itləri sığallamağa və onlarla qarşılıqlı təmasda olmağa icazə vermək frontal korteks fəaliyyətini artırır. Dördayaqlı dostlarımızla təmasda olmaq həqiqətən də beyin fəaliyyətinə müsbət təsir edirmi?
Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ev heyvanları vasitəsiylə hətta autizm xəstəliyinin müalicəsində istifadə olunur:

- Heyvanların insan həyatında, insan psixologiyasında əhəmiyyəti həqiqətən də böyükdür. Biz əqli geriləmə olan, autizmmli, daun sindromlu uşaqlarda ev heyvanları ilə terapiya, onlarla təmas sayəsində empati, mərhəmət hissini oyadır, xarakterlərinin korreksiyasında çox aktiv şəkldə istifadə edirik. Ev heyvanları insanlara sevgi, məsuliyyət hissi aşılayır, nizam-intizamlı olmağı öyrədir. Evdə heyvan bəsləməyə təkcə həvəs, əyləncə kimi baxılmamalıdır. Bu, ilk növbədə bir canlıya qarşı məsuliyyətli olmağı tələb edir. İnsan hər hansı bir canlıya qarşı məsuliyyət hissi duyaraq onu bəsləməlidir. Onun yaşamını, qidasını təmin etmək, mərhəmət göstərmək hər insanın bacaracağı iş deyil. Bunu məsuliyyətli insanlar, canlınını həyatını, yaşam tərzini bilən, onunla buna uyğun davranan insanlar bacarır. Evdə heyvan bəsləmək insan psixlogiyasına, insanın xarakterinə müsbət təsir göstərir. Bəzən görürük kimsə deyir ki, yox, pişik və ya it saxlaya bilmərəm, hər güh qulluq lazımdır, qayğı göstərilməlidir, buna vaxt, imkan yoxdur. Amma elə insanlar da var ki, necə deyərlər, ağına-bozuna baxmadan ev heyvanı mənimsəyir, lakin ona lazımi qulluq, qayğı göstərə bilmir. Ona görə də vurğulayıram ki, evdə heyvan bəsləmək ilk növbədə məsuliyyət tələb edən işdir.