Gecə-gündüz eyni mahnını zümzümə edirsiniz? - Alimlər səbəbini araşdırıb

Zehniniz boş olsa belə əgər bir melodiya susmursa, tək deyilsiniz.

Sherg.az xəbər verir ki, alimlər bunun səbəbini araşdırıb. Yaddaş, diqqət və musiqi arasındakı əlaqə düşündüyünüzdən daha mürəkkəbdir. Bəziləri üçün xoş olan bu hal, başqaları üçün ciddi zehni yükə çevrilə və gündəlik həyata səssizcə təsir göstərə bilər.

Sakit mühitdə işləyərkən və ya dalğın anlarda zehninizdə qəfil peyda olan tanış bir melodi çoxlarına yad deyil. Elmi ədəbiyyatda “qulaq qurdu” adlanan bu fenomen uzun müddətdir tədqiqat mövzusudur. Sadə görünsə də, arxasında mürəkkəb zehni proseslər dayanır.

Yaddaş və diqqətə təsiri

Araşdırmalar göstərir ki, təkrar-təkrar yada düşən melodyalar beynin musiqi ilə bağlı bölgələrində formalaşır. Bu, kənardan eşidilən səs deyil, zehni bir təsəvvürdür. Xüsusilə son vaxtlar tez-tez dinlənən mahnılar daha asan yadda qalır.

Alimlərə görə “qulaq qurdu” birbaşa işçi yaddaşla əlaqəlidir. İşçi yaddaş düşünmə və diqqəti cəmləmə zamanı istifadə olunan zehni sahəni əhatə edir. Buna görə də zehində fırlanan bir mahnı başqa məlumatlara yer verməyə bilər.

Obsesiv-kompulsiv pozuntuya malik şəxslər üçün bu hal daha narahatedicidir. Lakin araşdırmalar bu insanların melodyaları daha tez-tez yaşayıb-yaşamadığına dair qəti nəticə ortaya qoymayıb.

Bundan xilas olmaq mümkündürmü?

Mütəxəssislərə görə saqqız çeynəmək daxili səslə bağlı əzələləri məşğul edərək “qulaq qurdunu” zəiflədə bilər. Başqa bir musiqi dinləmək müvəqqəti rahatlıq yaratsa da, eyni mahnını yenidən dinləmək problemi aradan qaldırmır.