Yoxsa, həkim çatışmazlığı məsələsinin həlli müşkül görünür
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun vəzifəsindən azad edilməsi hazırda müzakirə mövzusudur. Niyə, nə üçünlərə rəsmi cavab hələ ki yoxdur. Mülahizələrlə yetərincədir. Bu arada, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyini hədəfə alanlar da var.
“Sherg.az” xəbər verir ki, pediatr Vaqif Qarayev mövcud durumla bağlı fikirlərini sosial şəbəkədə bölüşüb:
- Nə SN-də, nə də TƏBİB-də heç kimi tanımıram. Kimisə tərifləmək, ya da tənqid etmək fikrim yoxdur. Amma bəzi fikirlərimi qısaca yazmaq istədim. İllər öncə İTS tətbiqinin anonsları veriləndə sevinmişdim. Fikirləşirdim ki, bundan sonra; peşəkar həkimlər əhali üçün əlçatan olacaq. Tibbi xidmət əsasən pulsuz olacaq. Həkimlərin üzqarası rüşvət söhbəti aradan qalxacaq. Əhalinin və həkimlərin canı sovetdənqalma bazarkom təfəkkürlü qlavvraçlardan qurtaracaq və sair. Oldumu? İnsafla deyək, gözləntilər tam doğrulmasa da, İTS tətbiqindən sonra tibbi xidmətdə müsbət irəliləyişlər oldu, var. Bütün dünyada İTS tətbiqinin ilk illərində çətinliklər olur, bizdə oldu, təbii qəbul edək. Ölkədə elə bir ailə yoxdur ki, tibbi xidmətdən istifadə etməsin, ona görə bu sahənin bütün müsbət və mənfiləri həmişə üzdə olur. Məlum kadr dəyişikliyindən sonra yenə qızğın müzakirələr başlayıb. TƏBİB bütün fikirlərə hörmətlə yanaşıb neqativləri aradan götürsə, yaxşı olar. Əhalini ən çox narahat edən kilinikalardakı sıxlıqdı. Sıxlıqdan həm əhali, həm də həkimlər əziyyət çəkir. Fikrimcə, bu məsələni tənzimləmək olar!
TƏBİB-in yeni rəhbərliyindən bir xahişim olacaq: gənc həkimlərin ölkədən didərgin düşməsinə imkan verməyin, yoxsa, həkim çatışmazlığı məsələsinin həlli müşkül görünür. Bir süjetdə gördüm, cənub bölgəsində 300 həkim çatışmır. Bu, cox ciddi məsələdir!