Geri çağırılan “Nestle” məhsulları Azərbaycana çatmayıb

“Nestle” şirkətinin uyğunsuzluq aşkarlanan uşaq qidaları ölkəmizə idxal edilməyib”.

Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovative həllər şöbəsinin müdürü İlkin Kərimov məlumat verib. Bildirilir ki, AQTA tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması, mövcud və potensial risklərin vaxtında müəyyənləşdirilməsi məqsədilə digər riskidarəetmə tədbirləri ilə yanaşı, idxal olunan qida məhsulları ilə bağlı yarana biləcək risklərin qiymətləndirilməsi üçün bu sahədə dünyada baş verən hadisələr gündəlik əsasda sistemli şəkildə təhlil edilir: 

- “Nestle” şirkəti tərəfindən körpələr və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bəzi qida məhsulları ilə bağlı ehtiyat tədbiri xarakterli geri çağırma qərarı qəbul edilib. Belə ki, Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya, İsveçrə və Birləşmiş Krallıq ərazilərində “SMA”, “BEBA”, “ALFAMINO”, “Pre NAN” və bir neçə digər ticarət nişanları altında istehsal olunan məhsulların müəyyən partiyalarının dövriyyədən geri çağırılması barədə müvafiq qərarlar verilib. Buna səbəb istehsal prosesi zamanı məhsulların “Bacillus cereus” bakteriyası ilə çirklənmə ehtimalı olub.

Bildiririk ki, dünya ölkələri üzrə hazırkı məlumatlara əsasən ümumilikdə geri çağrılmış 123 məhsul partiyasının Azərbaycan Respublikasının ərazisinə idxal edilmədiyi aşkarlanıb. Ehtiyat tədbiri olaraq “Nestle” şirkəti tərəfindən istehsal edilən və hazırda ölkə ərazisində satışda olan digər partiyalardan nümunələr götürülərək həmin göstərici üzrə müayinələrə cəlb edilib. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.