İctimai nəzarət yoxdursa, qida zəhərlənmələri də bitməyəcək - Ekspert

  • “Ən ucuz yerdən alırlar, sənədə də, keyfiyyətə də baxmırlar”
  • “Heç kim yoxlamayacaq deyə arxayındırlar”

“Halal Food” MMC-dən aldığı toyuq ətinin keyfiyyətində ciddi nöqsanlar aşkar etdiyini bildirən dönər ustası, sahibkar Yusif Qardaşzadənin şikayəti araşdırılıb. Məsələ ilə bağlı "Bakupost"un Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə ünvanladığı sorğudan və sahibkarın müraciətindən sonra agentlik tərəfindən MMC-yə məxsus toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Abbas Orucova məxsus obyektə baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərinin olmadığı, həmçinin digər nöqsanların mövcudluğu aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülür. Qeyd edilir ki, Yusif Qardaşzadə ötən gün "Bakupost"a “Halal Food” MMC-dən dönər şişi üçün aldığı toyuq ətinin keyfiyyətsiz olduğunu, məhsulun içində yad cisimlər aşkarladığını bildirmişdi. O, ümumilikdə 40 kiloqram əti yararsız olduğu üçün tulladığını, şirkətin isə dəymiş zərəri qarşılamadığını iddia etmişdi. 

Xatırladaq ki, bir neçə gün əvvəl Pirşağı yolunda, Mehdiabad qəsəbəsi ərazisində, 2-ci Savxoz, “Ömər Açılığı” adlanan ərazidəki anbarda mənşəyi məlum olmayan broyler toyuqlarının “Siyəzən Broyler” etiketli qutulara yığılığını əks etdirən görüntülər sosial şəbəkədə yayıldı. Belə çıxır ki, harada istehsal edildiyi bilinməyən məhsullar yoxlama aparılmadan satış obyektlərinə, iaşə müəssilərinə göndərilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi mənşəyi naməlum qida məhsullarının mənbəyndə aşkar edə bilmir? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında qeyd etdi ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda birmənalı şəkildə istehlakçı hüquqlarının pozulmasına görə satıcı və ya xidmət göstərən cavabdehlik daşıyır.

Təchizatçı birbaşa cavabdehilik daşımır. Məyyən dövlət qurumlarının araşdırmalarından sonra əlbəttə, əgər keyfiyyətsiz mal və xidmət olarsa, təchizatçı da və ya istehsalçı da bu işə cəlb oluna bilər. Mən həmişə demişəm, yumurta xarab çıxanda onun satıcısını günahkar bilirlər ki görək kim satıb bu xarab yumurtanı. Sual olunur, bu dönərxana sahibi  mal aldıqda niyə yoxlamır, görsün, onu satanın qanuni sənədləri, sertifikatı, icazəsi var, yoxsa yox? Sadəcə sahibkarlar hökumətin biznes qurumları üçün yaratdığı toxulmazlıq şəraitindən sui-istifadə edirlər. Bu, xüsusən qida sahəsi üçün səhv siyasətdir. Bilirlər ki, onları heç kim yoxlamayacaq, gedir, ən ucuz yerdən alır malı, nə sənədin olub-olmamsına əhəmiyyət verir, nə də malın keyfiyyətinə. Şübhəsiz ki, həmin sahibkar zəhərləmədən qorxaraq həmin ətləri atıb, istifadə etməyib. 

E.Hüseynov bildirdi ki, güclü ictimai nəzərət olmadıqca bu cür hallar davam edəcək: 

- Nə qədər ki ictimai nəzarət yoxdur, vətəndaşlar fəal deyil, qida zəhərlənmələri baş alıb gedəcək. Bu hadisədə hər iki tərəfi qınayıram, dönərçini də qınıyıram, istehsalçını da. Qida təhlükəsizliyi məsələsində dövlət qurumlarının əl-qolları bağlıdır, şikayətlər olmasa gedib yoxlaya bilmirlər. İstehlakçı hüquqlarının pozulduğu halda dövlət orqanları ən azı vətəndaş şikayəti və yaxud mediada gedən materiallar əsasında yoxlama aparmalıdır. Təəssüf ki, bu da yoxdur. Ona görə də bazar başlı-başınadır, zəhərlənmələr davam edir, şikayətlər yağış kimi yağır, biznes qurumları isə istədiklərini edirlər. Dönəri alan da, dönərşiyə mal verən də bilməlidir ki, toyuq əti riskli məhsuldur, tez çirklənən məhsuldur və dönərçilər adətən gedir dönər əti hazırlayan müəssisələrdən hazır şişə taxılmış dönər alıb gətirirlər, bir kağız da asırlar ətin mənşəyi haqqında. AQTA da elə bir iş aparmır ki, biz bilək oradan asılan kağız o bişən dönərə aiddir, yoxsa yox, belə bir mexanizm də yoxdur. Nəticədə istehlakçı hüquqları pozulur, qida zəhərlənmələri də olur.