İlk yardım zamanı bu səhvləri etməyin!

Hər il sentyabrın ikinci şənbə günü qeyd olunan Ümumdünya İlk Yardım Günü ilə əlaqədar mütəxəssislər təcili vəziyyətlərdə düzgün müdaxilənin vacibliyinə diqqət çəkiblər.

Sherg.az xəbər verir ki, Təcili Tibbi Yardım üzrə mütəxəssis Dr. Serdar Yaşar bildirib ki, ilk yardım zamanı cəmiyyətdə geniş yayılmış bəzi yanlış müdaxilələr vəziyyəti daha da çətinləşdirə bilər. Onun sözlərinə görə, yanlış tətbiqləri bilmək düzgün ilk yardımı bilmək qədər vacibdir.

Mütəxəssis təcili vəziyyətlərdə ən çox edilən səhvləri belə sıralayıb:

1. Yanığa diş məcunu, qatıq və ya tomat pastası sürtməyin

Yanıq zamanı zədələnmiş nahiyəyə diş məcunu, qatıq, tomat pastası və digər maddələrin çəkilməsi düzgün ilk yardım üsulu deyil. Bu cür müdaxilələr yaranın mütəxəssis tərəfindən qiymətləndirilməsini və müalicəsini çətinləşdirə bilər.

2. Burun qanamasında başı arxaya əyməyin

Burun qanaması zamanı başın arxaya əyilməsi ən çox edilən səhvlərdəndir. Əksinə, qanın geriyə axaraq udulmasının qarşısını almaq üçün baş yüngül şəkildə önə əyilməlidir.

3. Huşunu itirən şəxsə su içirtməyin və sillə vurmayın

Bayılan şəxsi özünə gətirmək üçün üzünə su çiləmək, sillə vurmaq və ya su içirtmək düzgün deyil. İlk növbədə onun təhlükəsizliyi təmin edilməli və nəfəs alıb-almadığı yoxlanılmalıdır. Şəxs qısa müddətdə özünə gəlmirsə və ya tənəffüsündə problem varsa, 112-yə müraciət edilməlidir.

4. Qıcolma keçirən şəxsin ağzına heç nə qoymayın

Qıcolma zamanı dilini udmasının qarşısını almaq məqsədilə ağıza qaşıq, parça və ya başqa əşya qoymaq olmaz. Əsas məqsəd şəxsin özünə xəsarət yetirməsinin qarşısını almaqdır. Ətrafdakı təhlükəli və iti əşyalar uzaqlaşdırılmalı, insanın hərəkətləri zorla dayandırılmamalıdır.

5. Boğazına yad cisim düşən şəxsə dərhal su içirtməyin

Tənəffüs yollarına yad cisim düşdükdə ilk olaraq şəxsin nəfəs alıb-almadığına, danışa bildiyinə və effektiv öskürüb-öskürmədiyinə diqqət yetirilməlidir.

Şəxs nəfəs alır və effektiv öskürə bilirsə, öskürməyə təşviq edilməlidir. Danışa bilməmək, effektiv öskürə bilməmək və nəfəs ala bilməmək isə ciddi tənəffüs yolu tutulmasının əlamətləri hesab olunur.

Belə vəziyyətdə vaxt itirmədən 112 Təcili Çağrı Mərkəzinə müraciət edilməli və şəxsin yaşına və vəziyyətinə uyğun ilk yardım göstərilməlidir.