İnfeksionist: Nipah-ın yoluxuculuğu artsa, pandemiya riski yarana bilər

“Nipah virusunun yoluxuculuğu artsa, yeni pandemiya riski yarana bilər” 

Son zamanlar, Hindistanın Kəlkətə şəhərində ölümcül Nipah virusu yayılıb. Yerli səlahiyyətlilər yoluxmuş şəxslər arasında həkim, tibb bacısı və səhiyyə işçisinin də olduğunu açıqlayıblar. Vəziyyət o həddə çatıb ki, yoluxmuş şəxslərlə təmasda olan təxminən 100 nəfər ev karantinə alınıb. Nipah virusu çox təhlükəli infeksiyadır. Xəstəlik insana heyvanlardan keçir və insanlar arasında yaxın təmas yolu ilə yayılır. Hindistanda virusun əsas təbii daşıyıcısı yarasalardır. Virusdan qorunmanın ən təsirli yolu heyvanların yaşadığı ərazilərdən uzaq durmaqdır. Çünki xəstəliyin spesifik müalicəsi və peyvəndi mövcud deyil. Onu da qeyd edək ki, xəstəlik ilk dəfə 1998-1999-cu illərdə Malayziya və Sinqapurda aşkar edilib. O vaxt virus əsasən donuzlar vasitəsilə insanlara keçərək bir sıra ölüm hadisələrinə yol açmışdı. Yeni ölümcül virusun COVID-19 səviyyəsində qlobal yayılma riski ciddi narahatlıq doğurur.

İnfeksionit Ləman Qalimova Sherg.az-a açıqlamasında bildirib ki, Hindistanda yayılan Nipah virusu əsasən meyvə yarasaları vasitəsilə insana keçir:

“Bu yarasalar gecə fəaliyyətdə olan və meyvələrə təmas edən heyvanlardır. Virusla çirklənmiş meyvələri yeyən insanlar isə yoluxma riski ilə üzləşir. Hazırda ölkəmizdə Nipah virusuna aid heç bir yoluxma və simptom qeydə alınmayıb. Nipah virusunun qlobal pandemiya potensialı COVID-19 qədər yüksək deyil. COVID‑19 hava-damcı və aerosol yolu ilə sürətlə yayılır. Nipah virusu isə sıx təmas, heyvan-reservuarlarla birbaşa və ya çirklənmiş səthlər vasitəsilə keçir. Nipah virusu COVID-19-dan fərqli olaraq, daha çox regional səviyyədə qalır. Lakin virusun genetik mutasiya nəticəsində yoluxuculuğu artsa, pandemiya riski yarana bilər”. 

İnfeksionist virusdan yoluxmanın qarşısını almaq üçün bir sıra tövsiyyələr verib:

“Yoluxmuş şəxslərin xarici ölkələrə səfəri virusun yeni bölgələrə daxil olma riskini artıra bilər. Məhz buna görə, xarici ölkələrə səfər edən zaman, vətəndaşlar, şəxsi gigiyenaya ciddi riayət etməlidir. Meyvə və tərəvəzlər gigiyenik şəkildə yuyulmalı, xüsusilə də əllər antiseptik vasitələrlə təmizlənməlidir. Hazırda Nipah virusuna qarşı spesifik antiviral dərman və peyvənd yoxdur. Müalicə isə yalnız simptomatik və dəstəkleyici terapiya şəklində həyata keçirilir. Xüsusilə qeyd edim ki, profilaktik tədbirlər görməklə yoluxmanın qarşısını almaq mümkündür”.

Aybəniz Səfərova