Tədqiqat ABŞ-da 12 milyon gecəni analiz etdi
Yeni araşdırma göstərir ki, artan temperatur insan yuxusuna mənfi təsir edir. Xüsusilə xroniki xəstəlikləri olan şəxslərdə qısa yuxu müddətləri və aşağı yuxu keyfiyyəti daha aydın müşahidə olunur.
Sherg.az xəbər verir ki, tədqiqat nəticələrinə görə, isti hava bədənin soyumasını çətinləşdirir, stres reaksiyalarını artırır və dərin yuxu ilə REM (sürətli göz hərəkəti) mərhələlərini qısaldaraq yuxu keyfiyyətini pozur.
Gündüz temperaturunun 10 dərəcə artması təxminən 2,19 dəqiqə, gecə temperaturunun 10 dərəcə yüksəlməsi isə 2,63 dəqiqəlik yuxu itkisi ilə əlaqələndirilir. Yüksək temperatur gecə boyunca yuxunun kəsilməsinə və yataqda oyaq qalma müddətinin uzanmasına da səbəb olur.
Tədqiqatçı Jiaven Liao bildirir:
“Artıq bilirik ki, həddindən artıq isti hadisələr zamanı daha çox insan ürək-damar və ağciyər xəstəliklərindən həyatını itirir. Qlobal istiləşmə davam etdikcə bunun ictimai sağlamlıq üçün nə demək olduğunu öyrənmək istəyirik.”
2010-2022-ci illər arasında aparılan araşdırmada 14,232 ABŞ-lı yetkinin yuxu məlumatları FitBit cihazları vasitəsilə toplanıb. Tədqiqatçılar demoqrafik, sosial-iqtisadi və sağlamlıq məlumatlarını 12 milyondan çox gecənin yuxu mərhələləri və yuxunun kəsilmə tezliyi ilə müqayisə ediblər. Beləliklə, temperatur artımının yuxu rejiminə təsiri qiymətləndirilib.
Nəticələr göstərir ki, təsir qadınlarda, xroniki xəstəlikləri olanlarda və aşağı sosial-iqtisadi statuslu şəxslərdə daha nəzərəçarpandır. Pis yuxu ürək-damar və tənəffüs xəstəlikləri, psixi sağlamlıq problemləri və digər riskləri artırır.
Liao əlavə edir:
“Hər gecə yalnız bir neçə dəqiqə kimi görünə bilər, amma milyonlarla insan nəzərə alınanda ümumi təsir çox böyükdür.”
Araşdırma göstərir ki, ətraf mühit stress faktorları, xüsusilə istilik- yuxuya ciddi təsir göstərir və nəticədə xəstəlik və hətta ölüm riskini yüksəldir. İnsanların yuxu keyfiyyətini yaxşılaşdırmaq sağlamlıq problemlərinin qarşısını almaqda mühüm rol oynaya bilər.