Nəbzsiz yaşamaq mümkün imiş - Həkim izah etdi

Sankt-Peterburqdakı Mariinski Xəstəxanasında ilk dəfə olaraq eyni vaxtda iki süni ürək mədəciyi implantasiya edilib. Qeyd olunub ki, pasiyent hazırda tamamilə nəbzsiz yaşayır.

Tanınmış ürək cərrahı Rəşad Mahmudov Axar.az-a açıqlamasında bunun dünya təcrübəsində artıq mövcud olduğunu bildirib.

“İstər iki süni mədəcik implantasiyası, istərsə də tamamilə süni ürək yerləşdirilməsi uzun illərdir dünya təcrübəsində mövcuddur. Bu əməliyyatların uzunmüddətli nəticələri hələ ki, arzuolunan səviyyədə deyil və daha çox müvəqqəti xarakter daşıyır.

Azərbaycan təcrübəsində də bir neçə dəfə bənzər əməliyyatlara rast gəlinib. İlk dəfə mənim tərəfimdən 2009-cu ildə icra olunub, növbəti illərdə isə ölkəmizin bir neçə mərkəzində tətbiq olunub.

Nəbzsiz həyata davam etmək isə həmin xəstələrə qoyulan cihazların pulsativ – yəni döyüntü yaradan mexanizmə malik olmaması ilə izah olunur. Məhz buna görə də onlar bu şəkildə yaşaya bilirlər”, - Mahmudov bildirib.