Ət məhsulları insan orqanizmi üçün vacib olan bir sıra qida maddələrinin zəngin mənbəyi hesab olunur. Tərkibində B12 vitamini, yüksək keyfiyyətli zülal olan ət, immunitet sisteminin möhkəmlənməsində, hormon və fermentlərin sintezində mühüm rol oynayır. Xüsusilə uşaqların, gənclərin və ağır fiziki əmək fəaliyyəti ilə məşğul olan şəxslərin gündəlik qidalanmasında ət məhsulları əvəzolunmaz hesab edilir. Bu amil Azərbaycanda ət və quş əti məhsullarına tələbatın yüksək olmasını şərtləndirir. Lakin bazarda artan tələbat paralel olaraq istehlakçı etibarının kommersiya maraqlarına qurban verildiyini də üzə çıxarır. Məlumdur ki, təbii yemlə qidalanan kənd toyuğunun tərkibindəki minerallar, broyler toyuqları ilə müqayisədə daha zəngindir. İstehlakçı da məhz keyfiyyət fərqinə görə kənd toyuğuna üstünlük verir. Ancaq görünən odur ki, bu üstünlük bəzi sahibkarlar üçün fürsət məsələsinə çevrilib. Son dövrlər bəzi ət kəsimi müəssisələrinin broyler toyuqlarını “kənd toyuğu” adı altında satışa çıxarmaq üçün süni rəngləmə üsullarına əl atması bazarda nəzarət mexanizmlərinin nə dərəcədə sınaq qarşısında qaldığını göstərir. Növbəti belə fakt Xırdalan şəhərində aşkarlanıb. Aparılan yoxlamalar zamanı toyuqların “kənd toyuğu” görüntüsü yaratmaq məqsədilə Tartrazin (E102) qida əlavəsi ilə sarı rəngə boyandığı müəyyən edilib. Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, aşkarlanmış qanun pozuntusu ilə bağlı sahibkar barəsində inzibati icraata başlanılıb, toyuqların kəsimi və quş əti məhsullarının dövriyyəsi dərhal qadağan edilib. Qeyd edək ki, Tartrazin (E102) dərman, kosmetika və bəzi qida məhsullarında istifadə olunan sintetik sarı boyadır. Bu maddə insanlarda allergik reaksiyalar, həssaslıq və digər arzuolunmaz yan təsirlərlə əlaqələndirilir.
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Sherg.az-a açıqlamasında bildirib ki, söhbət həm qida təhlükəsizliyi, həm də istehlakçı hüquqlarının kobud şəkildə pozulması baxımından son dərəcə ciddi problemdən gedir. Onun sözlərinə görə, tartrazin (E102) sintetik qida boyasıdır və bəzi ölkələrdə yalnız içkilər, konfetlər və desertlərdə məhdud doza çərçivəsində istifadəsinə icazə verilir.
“Tartrazinin toyuqlara vurulması insan sağlamlığı üçün risk yaradır. Maddənin xammala, ət məhsullarına, toyuq dərisinə və ya canlı heyvana tətbiqi qəti qadağandır. Bu hal artıq qida əlavəsi deyil, açıq-aşkar qida saxtakarlığı və təhlükəli müdaxilədir. Tartrazinin hətta ağız vasitəsilə qəbulunda belə allergik reaksiyalar, dəri səpgiləri, bronxial astması olanlarda tutmaların artması, uşaqlarda hiperaktivlik və davranış pozuntuları, eləcə də qaraciyər və həzm sistemi üzərində toksik yük kimi risklər yarana bilər. Boyanın birbaşa toyuq dərisinə tətbiqi isə bu riskləri daha da artırır. Üzərinə tartrazin çəkilmiş toyuq ətini bişirərkən, maddə yağ toxumasında toplanır və qismən ətə keçir”.
Ekspert, istehlakçılara xəbərdarlıq edərək bildirib ki, toyuq dərisinin həddindən artıq parlaq sarı rəngdə olması, toxunduqda rəngin əllərə və ya salfetə keçməsi, bişirmə zamanı boyanın suya və ya yağa çıxması, “kənd toyuğu” adı ilə satılmasına baxmayaraq qiymət və quruluşun uyğun gəlməməsi ciddi şübhə yaratmalıdır. Onun sözlərinə görə, əsl kənd toyuğunun rəngi solğun və təbii tonlarda olur, parlaq görünüşə malik olmur.
F.Səfərov belə halların qarşısının alınması üçün AQTA tərəfindən nəzarət tədbirlərinin gücləndirilməsini, bazarlarda və satış nöqtələrində ani yoxlamaların artırılmasını, qida saxtakarlığına görə cərimə və sanksiyaların sərtləşdirilməsini, aşkarlanan faktların isə ictimaiyyətə açıq şəkildə, elan edilməsini vacib hesab edir.
Aybəniz Səfərova