Pediatr: Uşaqların barmaq ucunda gəzməsi nevroloji simptomlara işarədir

Yenicə ayaq açan körpələrin barmaqlarının ucunda gəzməsi bir çox anaya tanış haldır. Adətən, analar bundan ehtiyatlanır, uşağın hər hansı bir problemi ola biləcəyindən şübhələnirlər. Valideynin diqqətli olması və həkimə zamanında müraciət etməsi müsbətdir. Amma pediatrlar bu məsələdə tələsməməyi tövsiyə edir. Həkimlər belə hesab edirlər ki, yeriməyə başladıqda vaxtaşırı olaraq barmaqların ucunda yerimək, demək olar, bütün uşaqlar üçün xasdır və təbiidir. Belə hesab olunur ki, uşaq bu üsulla dünyanı dərk etməyə çalışır, daha böyük və hündür olmaq istəyir, bəzi hallarda özünü kimə isə oxşatmağa çalışır (hündürdaban ayaqqabıda gəzən anaya, balet iştirakçılarına və s.). Müasir uşaqların bir çox hissəsi "xodunki" (“xoduqa”) də yeriməyə öyrənir. Bir çox hallarda məhz "xodunki" uşaqda bu vərdişi formalaşdırır - uşağın ayaqları yerə dəymir və uşaq məcburən barmaqların ucunda gəzməli olur. Nəticədə belə vərdiş formalaşır. Beləliklə, sağlam və normal (yaşına uyğun) inkişaf edən uşaqlarda 3 yaşına kimi vaxtaşırı olaraq (daim yox!) barmaqların ucunda yeriməsi heç bir pozulmanın simptomu sayılmır və buna görə narahat olmağa dəyməz. Lakin bəzi hallarda uşağın barmaqlarının ucunda yeriməsi ciddi nevroloji xəstəliklərin əlaməti də ola bilər. Təbii ki, bu simptomdan əlavə uşaqda digər və daha ciddi nevroloji simptomlar inkişaf edir. Uşaq 4, 5 və daha böyük yaşlarda barmaqların ucunda yeridikdə, uşağı mütləq nevroloqa göstərmək lazımdır. Uşaq daim barmaqların ucunda gəzdikdə, bu, "əzələ distoniyası" (ayaqların əzələlərinin tonusunun qeyri-bərabər olması) adlandırılan pozulmanın simptomu ola bilər. Bu zaman uşağa massaj, xüsusi gimnastik məşğələlər, üzgüçülük, bəzi fizioterapevtik üsullar yaxşı kömək edə bilər. Bəzi hallarda uşağa xüsusi dərman preparatları da təyin olunur. Adətən müalicədən sonra uşaq bu vərdişdən tam azad olur.
Həkimlərin əksəriyyəti belə hesab edir ki, ayaq barmaqları ucunda yerimək uşaqda heç də düşünüldüyü kimi zehni geriliyin əlaməti deyil. Gəzərkən dabanına deyil, ayağının barmağına basan körpələrin valideynləri qorxmamalıdır. Bu xüsusiyyət tam inkişaf edən uşaqlarda da müşahidə oluna bilər. Son vaxtlara qədər qəbul edilirdi ki, ayaq barmaqlarında yerimək neyropsixiatrik xəstəliklər, əzələ distrofiyası və ya serebral iflic əlamətlərindən biridir. Lakin Qərb ekspertlərinin bu məsələyə münasibəti fərqlidir. Bir qrup isveçli tədqiqatçı 5,5 yaşlı 1400-dən çox uşağın müntəzəm tibbi müayinəsindən əldə edilən məlumatları təhlil edib. Onlar müəyyən ediblər ki, körpələrin demək olar ki, 5 faizi həyatın ilk illərində ayaq barmaqları üzərində yeriyir. Onların əksəriyyəti bu vərdişi ilk yeriməyi öyrənəndə qazanıb. Digərləri üçün bu xüsusiyyət müstəqil hərəkət etməyə başladıqdan sonra özünü göstərir. Ancaq 2 yaşına qədər bu körpələr artıq normal hərəkət ediblər. Uşaqlar 5,5 yaşına çatdıqda, yalnız 2 faiz barmaqları üzərində gəzməyə davam edib.
Anaları narahat edən problem barədə pediatr-nevroloq Röyanə Quluzadəyə müraciət etdik. Sherg.az-a açıqlamasında R.Quluzadə bildirdi ki, uşağın ayaq barmaqlarının ucunda gəzməsi, həqiqətən də, bir çox valideynləri narahat edən problemlərdəndir: 
- Uşağın barmaq ucunda gəzməsi əsasən nevroloji problemi olan uşaqlarda rast gəlinən hərəkət pozuntusudur. Ciftin uşaq boynuna dolanması nəticəsində biz artıq 3-4 ayından etibarən uşağı dirəşdirdikdə onun barmaq ucunda gəzdiyini görürük, lakin bu zaman eyni vaxtda uşağın ayaqlarında, bəzən də əllərində yüksək tonus olur, əlləri, ayaqları bükməyə çalışdıqda müəyyən gərginliklə rastlaşırıq. Barmaq ucunda gəzən uşaqlarda eyni zamanda ayaqların üst-üstə qoyması şəklində “qayçılama” pozasına da rast gəlinir. Davranış pozuntusu olan, autistik spektr pozuntusu olan uşaqlarda da barmaq ucunda gəzmək kimi hərəkət pozuntusuna rast gəlinir. Lakin bu hərəkət pozuntusu daha çox stereotipik hərəkət pozuntusudur, yəni daha çox pis vərdişə bağlı olan hərəkət pozuntusudur. Uşaqların barmaq ucunda dirəşməsi və barmaq ucunda gəzməsi kimi hərəkət pozuntusuna xüsusilə 9 ayından sonra daha ciddi yanaşmalıdırlar və mütləq uşaq nevroloqunun konsultasiyasını almalıdırlar. Bu hərəkət pozuntusunun altında ciddi beyin zədələnmləri, beyin qansızmaları, inkişaf qüsurları və s. kimi patalogiyalar yata bilər.
Həkim qeyd etdi ki, barmaq ucunda gəzən uşaqların böyük bir qrupunu "serebral iflic" xəstəliyindən əziyyət çəkən uşaqlar təşkil edir. Serebral iflicin diplegik formasında uşaqlarda əsasən 1 yaşından başlayaraq barmaq ucunda dirəşmə və addımlama kimi ortopedik qüsur formalaşır: 
- Bu yeriş qüsurunu düzəltmək üçün dünyada müasir tibdə əsasən botulinotoksin iynələr, yəni əzələyə vurulan “boteks” iynələri vasitəsilə çox asanlıqla aradan qaldırmaq olur. Lakin çox gecikmiş hallarda uşağın yaşı artıq 7-8 yaşından yuxarı olarsa, bir çox hallarda barmaq ucu deformasiya vətər və sümük əmliyyatları ilə bərpa olunur. Bütün bunlarla yanaşı, valideynlər tələsik qərar verməməlidir. Əgər uşağın ayaq barmaqları ucunda yeriməsi müntəzəm deyil, zaman-zaman, gün ərzində bir neçə dəfə təkrarlanırsa, qorxulu hal, nevroloji problem olduğunu düşünmək tezdir. Ola bilsin, uşaq bu vərdişi zamanla tərgidəcək. Valideyn diqqətli olmalıdır və uşaqdan dabanlarını yerə basmasını xahiş edə bilər. Əgər uşaq dabanlarını yerə basaraq normal yeriyə bilirsə, ehtiyatlanmağa əsas qalmır.