Saqqız istehsalçıları uzun illərdir onun psixoloji vəziyyətə müsbət təsir göstərdiyini iddia edirlər. Müasir elmi araşdırmalar da göstərir ki, saqqız çeynəmək beynə həqiqətən müəyyən təsirlər göstərir.
Sherg.az xəbər verir ki, tədqiqatlara görə, saqqız çeynəmək xüsusilə uzun və monoton tapşırıqlar zamanı diqqəti və ayıqlığı təxminən 10% artırır, lakin yaddaşa ciddi müsbət təsiri sübut edilməyib. Laboratoriya şəraitində aparılan sınaqlarda isə saqqızın stresi və narahatlığı azaltdığı müşahidə olunub.
Alimlər bu təsiri bir neçə amillə izah edirlər:
– çeynəmə zamanı beyinə gedən qan axınının artması,
– üz əzələlərinin aktivləşməsi ilə zehni oyanıqlıq arasındakı əlaqə,
– stress hormonu olan kortizolun balanslaşdırılması.
Ən yeni yanaşmaya görə isə saqqız çeynəmək ayaq yelləmək və ya qələm fırlatmaq kimi təkrarlanan sakitləşdirici hərəkət rolunu oynayaraq beynin fokuslanmasına kömək edir. Bu baxımdan saqqız, düşünmə prosesinə passiv fiziki dəstək verə bilər.