Soyuq havalar ürək-damar xəstəlikləri üçün risklidir - Kardioloq

Stendi olan şəxslərdə isə vəziyyət daha təhlükəli olur

 Qış aylarında temperaturun düşməsi ürək-damar sağlamlığı üçün ciddi problem yaradır. Stent əməliyyatı və ya hipertoniya keçirmiş xəstələr qış aylarında daha diqqətli olmalıdırlar.

Türkiyəli professor Dr. Faruk Hökenek bununla bağlı xəbərdarlıq edib:

"Soyuq hava ürək damarlarına təsir edə və tutma riskini artıra bilər. Ürək xəstələrinin bu dövrdə özlərini qorumaları xüsusilə vacibdir. Qış aylarında infarkt halları artır. Əgər sağlam bir fərdsinizsə, yəni ürək-damar sisteminizlə, ürək çatışmazlığınızla və ya yüksək təzyiqlə bağlı heç bir probleminiz yoxdursa, soyuqda çölə çıxmağın heç bir zərəri yoxdur. Hətta soyuq havada sürətli idman edə bilərsiniz.

Soyuq havada qan damarları daralır və qan təzyiqi yüksələ bilər. Xüsusilə qışda yüksək qan təzyiqi olan xəstələrdə su və duzun tutulması səbəbindən gərginlik yarana bilər. Bu, ürəyi gərginləşdirir və ürək-damar xəstəliyi olanlarda infarkt riskini artırır. Qrip, pnevmoniya kimi infeksiyaların artması da ürək xəstəliyi olanlarda vəziyyəti daha da ağırlaşdıra bilər".

Soyuq havanın birbaşa xəstəliyə səbəb olmadığını vurğulayan Prof. Hökenek deyib:

"Soyuq hava sizi xəstələndirmir, amma qapalı məkanlarda yoluxmuş insanlardan mikroblar ala bilərsiniz. Xüsusilə ürək-damar xəstəliyi olan insanların metroda və ictimai yerlərdə maska taxmalarını tövsiyə edirik.

İsti havalarda qan təzyiqi düşə bilər və bu da dərmana ehtiyacı azaldır. Qışda isə əksi baş verir. Buna görə də xəstələr mütləq ürək və qan təzyiqlərini müntəzəm olaraq yoxlatdırmalıdırlar."

Kardioloq Vüsal Hacıyev də Sherg.az-a açıqlamasında deyib ki, soyuq və şaxtalı havalar ürək-damar xəstəlikləri olan pasiyentlər üçün əlverişsiz və təhlükəli sayılır. Kardioloq qeyd edib ki, soyuq aylarda damarlarda spazm yaranır. Bu da infarkt riskini artırmış olur. Stendi olan şəxslərdə isə vəziyyət daha təhlükəli olur: “Soyuq hava və həddindən artıq külək qışda ürək sağlamlığına mənfi təsir edən amillərdəndir. Bu iki faktora eyni vaxtda məruz qalmaq bədən istiliyində ani dəyişikliklərə səbəb olaraq infarkt riskini 3 dəfə artıra bilər. Bunun səbəbi soyuq hava damarların sıxılmasına və qan təzyiqinin artmasına səbəb olaraq ürəyə əlavə yük gətirməsidir.

 Ürək xəstələri qış aylarını sağlam keçirmək üçün soyuq hava və küləkdən uzaq durmalıdırlar. Xüsusilə havanın həddindən artıq soyuq olduğu dövrlərdə bədən istiliyini qorumaq üçün qalın corab, əlcək və papaqsız çölə çıxmamaq tövsiyə olunur. Yerimək sağlamlıq üçün çox faydalıdır, ancaq qış aylarında gəzintiyə çıxmaq üçün havanın qismən isindiyi günorta saatlarını seçmək lazımdır. Sinəni küləkdən qorumaq üçün yaxanı bağlı saxlamaq, C vitamini ilə zəngin qidalarla qidalanmaq və bol miqdarda maye qəbul etmək tövsiyyə olunur. Soyuq hava təkcə virus infeksiyalarına səbəb olacaq amil deyil, ürəyə də zərərdir”.