Türk Oftalmologiya Dərnəyinin Süni İntellekt Komissiyasının sədri, professor Mehmet Hakan Özdemir bəzi xəstələrin müayinə və analiz nəticələrini həkimə müraciət etmədən əvvəl süni intellektlə dəyərləndirməsinin vaxt itkisinə səbəb olduğunu, bunun isə müalicəni çətinləşdirdiyini və hətta görmə itkisi ilə nəticələnə bildiyini bildirib.
Sherg.az xəbər verir ki, Oftalmologiyanın texnologiyanın ən intensiv istifadə edildiyi sahələrdən biri olduğunu deyən Özdemir, yaşa bağlı sarı nöqtə xəstəliyi, diabetik retinopatiya və uşaqların göz müayinəsində süni intellektin ön plana çıxdığını qeyd edib.
Professor vurğulayıb ki, süni intellekt diaqnostik prosesdə həkimə ciddi dəstək versə də, hazırkı mərhələdə onun həkimi əvəz etməsi mümkün deyil. Xəstəyə yalnız test nəticələrinə əsasən deyil, yaşı, klinik vəziyyəti və ümumi ehtiyacları nəzərə alınaraq kompleks yanaşma tətbiq edilməlidir.
Özdemir bildirib ki, xüsusilə diabetik retinopatiya erkən mərhələdə aşkarlanarsa sadə müdaxilələrlə müalicə oluna bilər, gecikmiş hallarda isə ağır və bahalı əməliyyatlara ehtiyac yaranır. Süni intellekt bu xəstəliyin diaqnozunda yüksək dəqiqlik göstərsə də, nəticələrin mütləq həkim tərəfindən yoxlanılması vacibdir.
Onun sözlərinə görə, coğrafi və fərdi fərqlər süni intellektin nəticələrinə təsir göstərə bilər və bu səbəbdən göz sağlamlığı ilə bağlı qərarlar yalnız həkim nəzarəti altında verilməlidir.