Təkcə TƏBİB deyil, məsuliyyəti həm də İcbari Tibbi Sığorta daşıyır - Professor

"Biz dəfələrlə demişik ki TƏBİB-i ayrıca qurum kimi formalaşdırmaq səhiyyə idarəçiliyinə ciddi zərbə vurur. Vahid səhiyyə idarəçiliyi sistemi olmalıdır"

“TƏBİB vahid qurum deyil. Onun üzərində də İcbari Tibb Sığorta kimi nəzarət qurumu var. Ona görə də tək TƏBİB-i hədəfə almaq düzgün olmaz”.

 Bu sözləri “Sherg.az”a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla TƏBİB sədri Vüqar Qurbanovun vəzufəsindən azad edilməsi ətrafında yaranan mülahizərələ münasibət bildirərkən deyib. A.Qeybulla qeyd edib ki, səhiyyəyə ayrılan mövcud vəsaitlə ölkədə bütün təbabəti himayəyə götürmək, icbari tibbi sığorta tətbiq etmək real görünmür: 

- Burada onkologiya, immuno-terapiya var, dövlət proqramında olan başqa istiqamətlər var. Məsələn, vərəm, şəkərli diabet xəstələri və sair. Amma bütövlükdə götürsək, İTS-dan xeyli insanlar yararlanıb. Ürək-damar xəstəlilıri üzrə və sair. Nöqsanlar da var. Və bunlar zaman-zaman deyilib. Konkret Vüqar Qurbanovun şəxsinə gəldikdə, hesab edirəm ki, o, bacardığını etdi. İctimaiyyətə açıq olub, jurnalistlərlə ünsiyyətdən qaçmayıb. Orda hansısa problemlər baş veribsə rəsmən elan olunmalıdır. Şayiələr əsasında nəsə deyə bilmərik. Belə məsələlər varsa, yəqin ki elan olunacaq. Və buna təkcə TƏBİB məsuliyyət daşımır, məsuliyyəti həm də İcbari Tibbi Sığorta daşıyır. Çünki birgə fəaliyyət göstərirlər, məsuliyyətləri də birgədir. Biz dəfələrlə demişik ki TƏBİB-i ayrıca qurum kimi formalaşdırmaq səhiyyə idarəçiliyinə ciddi zərbə vurur. Vahid səhiyyə idarəçiliyi sistemi olmalıdır. Vahid səhiyyə siyasəti olmalıdır. Ayrılan vəsaitlə bağlı vətəndaşlara izah edərək, başa salaraq şəffaf sistem qurmaq olar, əgər ortada iradə, istək varsa.