Maska və evdən çalışma yenidən gündəmdədir
İspaniyada başlayan virus panikası dünyaya yayılır
İspaniyada sürətlə artan qrip və digər tənəffüs yolu infeksiyalarına görə hökumət yeni sağlamlıq protokolunu təsdiqləyib. "Şərq" xəbər verir ki, protokol hazırda evdən çalışma, maska istifadəsi, aşılama və qapalı məkanların havalandırılması kimi tədbirləri tövsiyə edir. Risk səviyyəsi “aşağıdan çox yüksək”ə qədər dəyişəcək və vəziyyət pisləşərsə, bu tədbirlər məcburi ola bilər. Xüsusilə xəstəxanalarda və yaşlılar evlərində maskaya diqqət çağırışı edilib. Ölkə üzrə pulsuz qrip vaksinasiya kampaniyaları başlayıb. Qrip hallarının keçən ilə nisbətən 3 dəfə artdığı və yeni “Subklade K” variantının yayılmanı sürətləndirdiyi bildirilib.
Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyalarının hazırda bütün dünyada ən çox yayılan xəstəliklərdən biri olduğunu xatırladan terapevt-həkim Çinarə Səfərova Sherg.az-a bildirib ki, bu infeksiyaların böyük qismi virus mənşəlidir. Onun sözlərinə görə, zökəm və qrip kimi xəstəliklər həm uşaqlar, həm də böyüklər arasında sürətlə yayılır:

“İspaniyada müşahidə olunan vəziyyət də qlobal tendensiyadan kənarda deyil. Kəskin respirator infeksiyalarının əsas əlamətlərinə yorğunluq, əzələ və baş ağrıları, boğazda yanğı və ağrı, öskürək, asqırma və yüksək temperatur kimi şikayətlər daxildir. Bu simptomlar xüsusilə risk qruplarında, yaşlılarda, uşaqlarda, xroniki xəstəliyi olanlarda və immun sistemi zəif olan insanlarda ağırlaşma potensialına malikdir. Məhz buna görə də dünyanın bir çox ölkəsində olduğu kimi, İspaniyada da hökumət situasiyanın pisləşməsinin qarşısını almaq üçün yeni sağlamlıq protokolu təsdiqləyib”.
Terapevt qeyd edib ki, hər il müşahidə edilən qrip epidemiyalarının əsas törədiciləri A və B tipli viruslardır. C tipli virus isə genişmiqyaslı epidemiyalara səbəb olmur:
“Qrip viruslarının genetik quruluşu tez-tez dəyişdiyinə görə əhalinin yeni ştamlara qarşı immuniteti olmur və bu da mövsümi xəstələnmə hallarının artmasına gətirir. Bu səbəbdən İspaniyada tətbiq edilən tədbirlər, evdən çalışma tövsiyəsi, maska istifadəsinin təşviqi, qapalı məkanların havalandırılması və pulsuz vaksinasiya kampaniyaları hazırkı epidemioloji vəziyyətdə rasional və zəruri addımlardır. Xüsusilə xəstəxanalar və yaşlılar evləri kimi həssas mühitlərdə maska istifadəsinin vurğulanması çox önəmlidir. Çünki bu məkanlarda yoluxmanın qarşısının alınması ümumi səhiyyə sisteminin yüklənməsinin qarşısını almaqda mühüm rol oynayır. Mövsümi qrip peyvəndi isə ağırlaşma riskini azaltmaq, xəstəliyin yayılma zəncirini qırmaq və risk qruplarını qorumaq baxımından ən effektli vasitələrdən biri kimi qəbul edilir. Yeni variantların yaranması fonunda belə tədbirlərə əməl edilməsi həm qlobal, həm də regional səviyyədə respirator infeksiyalarla mübarizənin əsas şərti sayılır. Bu baxımdan İspaniyanın atdığı addımlar adekvatdır. Ölkəmizdə də mövcud vəziyyətin diqqətlə izlənməsi və profilaktik tədbirlərin vaxtında görülməsi epidemiyanın nəzarətdə saxlanmasına böyük töhfə verə bilər. Bu baxımdan şəxsi gigiyena qaydalarına riayət etmək, qapalı məkanlarda maska istifadə etmək və risk qruplarını peyvənd etdirmək önəmlidir. Mövsümi qrip peyvəndi yoluxma riskini azaltmaqla yanaşı, xəstəliyin ağırlaşma və fəsad vermə ehtimalını da minimuma endirir. Peyvənd həm fərdi immuniteti gücləndirir, həm də cəmiyyət səviyyəsində virusun yayılmasının qarşısını almağa kömək edir”.
“Ana Təbiət" Natural Gigiyena mərkəzinin rəhbəri Ərşad Əzimzadə isə sosil media hesabında qrip infeksiyasından qorunmağın təbii üsullarından bəhs edib. Onun sözlərinə görə, günəş işığı azaldıqca və havalar soyuduqca - xəstəlik törədən viruslar fəallaşır, orqanizmin immun sistemi isə zəifləyir. Beləliklə də, xəstəliklər tez-tez qapıları döyür:
“Ən çox da "qonaq" gələn qrip olur. Orqanizmi zəif olan adamlar il boyu qripdən əzab çəkir, özünü "sağlam" sayanlar isə ancaq qış aylarında ona yoluxur. Amma elə adamlar da tanıyırıq ki, heç vaxt onu qrip tutmur. Niyə? Mikrobların və bakteriyaların sevimli məskəni şlak (zir-zibil) basmış bədəndir. Yoğun bağırsağını zibilli saxlayan hər kəs virus daşıyıcıları üçün gözəl yem bazası yaradır, onlar sürətlə inkişaf edir və çoxalırlar. Bu yandan da bizi qoruyan xeyirxah hüceyrələr həmin zibildən zəhərlənir və kütləvi şəkildə qırılır. Yəni düşmən qüvvə güclənir, dost qüvvə isə zəifləyir. Müdafiə xətti qalır əsgərsiz, düşmən (mikroblar) asanlıqla sərhədi keçib qana soxula bilir. Belə qan hər bir xəstəlik üçün gözəl zəmin yaradır”.
Ə.Əzimzadə deyib ki, müdafiə xəttini gücləndirmək üçün - bədəndə sağlam və zəngin qan yaratmaq lazımdır. Bunun da yeganə düzgün yolu - kifayət qədər çiy su içmək, müntəzəm olaraq meyvə və tərəvəz yemək (şirələrini içmək daha yaxşıdır), bədən tərbiyəsi ilə məşğul olmaqdır:
“Yadda saxlayın ki, dünyada iki qrup mikrob mövcuddur. Onlardan birini turşular (limon, qreypfrut, portoqal, kivi, feyxoa, heyva, alma, alça və S vitamini ilə zəngin olan digər bitki mənşəli qidalar), o birini isə sarımsaq qırır. Hər gün 2-3 limon, 4-6 diş çiy sarımsaq yeyən (ya, xörəkdə, ya da tərəvəz salatında), itburni dəmləməsi içən,2-3 qaşıq alma sirkəsi qəbul edən və açıq havada piyada gəzən hər kəs özünü mikrob və bakteriyalardan mühafizə etmiş olar. Salata kifayət qədər göy soğan, kərəviz, ispanax, cəfəri, kahı, şüyüd qatsanız, gündə 200 - 400 qr. kök şirəsi içsəniz - immun sistemini daha da gücləndirmiş olarsınız. Əgər qrip virusu artıq qana keçibsə, heç olmasa, 1 həftə çörək, ət-yağ, şirniyyat yeməyin, qara çayı isə həmişəlik tərgidin, mümkün qədər çox çiy su və itburnu çayı için, düyü şorbası, yarma xörəkləri, boranı yeyin. Qrip olanda açıq havada gəzməkdən çəkinməyin, sadəcə, ayaqları və bədəni isti saxlayın, xəstə yatan otağı oksigenlə müntəzəm təmin edin”.