Uzun ömrün sirri tamam başqa imiş: nə pəhriz, nə də idman…

Hətta bir gecəlik yuxusuzluq belə immun sistemi və beyin funksiyalarına mənfi təsir göstərir

Uzunömürlülük deyildikdə ilk ağla gələn adətən düzgün qidalanma və fiziki aktivlik olur. Lakin son məlumatlar bir çox insanın gözdən qaçırdığı başqa bir vərdişə diqqət çəkir. Hansı saatda yatdığınız və nə qədər yatdığınız, düşünüldüyündən qat-qat daha böyük fərq yaradır.

Sherg.az xəbər verir ki, sağlam həyat tərzi uzun illərdir eyni əsas anlayışlar üzərində qurulub: balanslı qidalanma, aktiv həyat və zərərli vərdişlərdən uzaq durmaq. Ancaq yeni elmi araşdırma bu siyahının natamam olduğunu ortaya qoyub. Tədqiqata görə, yuxu həyat müddətinə gözləniləndən xeyli güclü təsir göstərir.

Araşdırmada təəccüblü nəticə

Oregon Sağlamlıq və Elm Universitetində aparılan araşdırmada ABŞ üzrə 2019-2025-ci illəri əhatə edən genişmiqyaslı sorğular təhlil edilib. İştirakçıların öz bildirişlərinə əsaslanan yuxu müddətləri, həyat gözləntisi göstəriciləri ilə müqayisə olunub.

Əldə olunan nəticələrə görə, gecə 7 saatdan az yuxu “yetərsiz yuxu” həddi kimi qəbul edilib.

Tədqiqatçılar nəticələrin etibarlılığı üçün bir sıra dəyişənləri də nəzərə alıblar: fiziki hərəkətsizlik, təhsil səviyyəsi, iş həyatı və sosial şərtlər kimi amillər hesablara daxil edilib. Buna baxmayaraq, yetərsiz yuxu ilə daha aşağı həyat gözləntisi arasındakı güclü əlaqə dəyişməyib. Bu təsiri üstələyən yeganə faktor isə siqaret çəkmə vərdişi olub.

“Bu qədər güclü olacağını gözləmirdik”

Araşdırma qrupunun üzvlərindən olan yuxu fizioloqu Andrew McHill nəticələrin onlar üçün də gözlənilməz dərəcədə diqqətçəkici olduğunu bildirib. Onun sözlərinə görə, yuxunun vacibliyi əvvəldən bilinsə də, bu qədər həlledici təsir göstərəcəyini düşünmürdülər. McHill ideal məqsədin gecə 7-9 saat yuxu olduğunu qeyd edib.

Mütəxəssislərə görə, hətta bir gecəlik yuxusuzluq belə immun sistemi və beyin funksiyalarına mənfi təsir göstərir. Uzunmüddətli dövrdə isə piylənmə və diabet kimi xroniki problemlərin yaranma riski əhəmiyyətli dərəcədə artır.