- Əməliyyatın ən diqqətçəkən anında xəstənin əllərindəki titrəmə qəfil dayanıb
Misirdə keçirilən beyin əməliyyatı zamanı təxminən 10 ildir əl titrəməsindən əziyyət çəkən Səudiyyə Ərəbistanı vətəndaşı Əhməd əz-Zəhrani problemdən xilas olub.
Sherg.az xəbər verir ki, Süveyş Kanalı Universitetinin neyrocərrahı Dr. Əli Salahın apardığı əməliyyat zamanı xəstə tamamilə oyaq olub və həkimlərlə ünsiyyət saxlayıb. Cərrahlar beynin talamus nahiyəsində titrəməyə səbəb olan millimetrik bölgəyə xüsusi iynə ilə müdaxilə edərək nəzarətli termal prosedur həyata keçiriblər.
Əməliyyatın ən diqqətçəkən anında xəstənin əllərindəki titrəmə qəfil dayanıb. Zəhrani daha sonra bir stəkan suyu əlinə götürərək onu tökmədən saxlaya bilib. Həmin görüntülər xəstənin öz istəyi ilə qeydə alınıb və paylaşılmasına razılıq verilib.
Dr. Salah bildirib ki, bu cür əməliyyat üçün xəstənin mütləq 10 il gözləməsinə ehtiyac yoxdur. Dərman müalicəsi nəticə vermədikdə, yan təsirlər dözülməz olduqda və ya titrəmə gündəlik həyata ciddi təsir etdikdə cərrahi müdaxilə daha erkən nəzərdən keçirilə bilər.