Xəstəni ağrı ilə üz-üzə qoymaq, səhlənkarlıqdır -Professordan sərt TƏNQİD

Adil Qeybulla: Bütün tibb müəssisələri fəaliyyətlərinə ciddi yanaşmalıdır

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi, ictimai xadim Nigar Köçərli əməliyyat olunduğu “Liv Bona Dea” xəstəxanasında qarşılaşdığı yarıtmaz xidmət haqqında sosial şəbəkə hesabında yazıb. N.Köçərli əməliyyatdan sonra dözülməz ağrı içində qıvrıldığını, lakin tibbi personalın ona heç bir yardım etmədiyini, kobud rəftarla üz-üzə qaldığını bildirib. Paylaşımda, ümumiyyətlə, xəstəxananın, baxmayaraq ki tibbi xidmətlərə görə yüksək ödənişlidir, müasir idarəetmə baxımından çox geri qaldığı vurğulanır. 

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında qeyd etdi ki, əslində həmin klinik bugünki özəl sektorun içində xeyli təchizata, imkanlara malik klinikadır:

" Ədalət naminə. Bunu demək lazımdır. Mütəxəssis sarıdan da yetərincə mütəxəssiləri var. Sadəcə burada işin təşkili məsələsi var. Müalicə işi təşkil olunmalıdır. Əməliyyat olunmuş xəstələrin, istər əməliyyatöncəsi, istər inter-əməliyyat dövründə, istərsə də əməliyyatdan sonrakı dövrdə müalicənin aparılması qaydalarının klinik protokolları olmalıdır. Bu klinik protokollar ona görə vacibdir ki bax indi biz mühakimə yürüdürüksə və ya ittiham xarakterində bir hal ortaya çıxırsa, istinad etdiyimiz sənədlər olmalıdır. Bu da klinik protokollardır. Ümumiyyətlə, həmişə çalışmaq lazımdır ki əməliyyatdan sonrakı dövrdə xəstə ağrı ilə üzbəüz qalmasın. Bunun üçün müasir anestiziologiyanın, təbabətin əlində yetərincə vasitə var. Və buna əməl etməmək, xəstəni ağrı ilə üz-üzə qoymaq, səhlənkarlıqdır. Problem bundadır. Həmin hadisə də səhlənkarlıqdır. Burada qeyri-peşəkarlıqdan daha çox səhlənkarlıq elementləri görünür. Bu cür narazılıqlar hamını sövq etməlidir ki işlərini daha düzgün qursunlar, işlərinə ciddi, məsuliyyətlə yanaşsınlar. Təkcə bir klinikadan söhbət getmir, ümumən bütün tibb müəssisələri fəaliyyətlərinə ciddi yanaşmalıdır".