Yatanda telefonunuzu yastığınızın altına qoymayın

Telefonu yatağın yanında saxlamaq vərdişi psixikaya mənfi təsir göstərir və bir sıra xəstəliklərin riskini artırır. Alimlər yuxu zamanı telefonu yastığın altında və ya çarpayının yanındakı tumbada saxlamağın niyə zərərli olduğunu açıqlayıblar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmalara əsasən, telefonla yatmaq psixoloji vəziyyətə mənfi təsir edir.

Smartfon ekranından yayılan mavi işıq dalğaları orqanizmdə melatoninin ifrazını pozur. Melatonin bioloji saatın tənzimlənməsində mühüm rol oynayır və yuxunun keyfiyyətinə birbaşa təsir göstərir. Bu hormon əsasən qaranlıq şəraitdə aktiv ifraz olunur. İşığın söndürülməsi bədənə istirahət vaxtının çatdığını bildirir, bədən temperaturunu aşağı salır və yuxuya hazırlıq prosesini başladır.

Ekranın işığı isə bu prosesi pozur, nəticədə insan yuxuya gedə bilmir və tez-tez oyanır. Bu hal davamlı yuxululuq, məntiqi və analitik düşünmənin zəifləməsi, eləcə də əhval-ruhiyyə dəyişiklikləri ilə müşayiət olunur.

Mütəxəssislər həmçinin nomofobiya adlı psixoloji pozuntunu da qeyd edirlər. Bu, telefonsuz qalmaq qorxusu kimi xarakterizə olunur. Telefon əlçatan olmadıqda insanda narahatlıq, əsəbilik, başgicəllənmə, sinə ağrısı və nəfəs darlığı kimi fizioloji əlamətlər yarana bilər. Belə halların qarşısını almaq üçün gecə saatlarında telefonu söndürmək və ya yataqdan uzaqda saxlamaq tövsiyə olunur.

Digər təhlükə isə elektromaqnit şüalanması ilə bağlıdır. Telefonu gecə boyu baş nahiyəsinə yaxın saxlamaq mənfi təsirin müddətini təxminən 33 faiz artırır. Alimlərin fikrincə, bu şüalanma beynin fəaliyyətinə mənfi təsir göstərə və bədxassəli şişlərin yaranmasına səbəb ola bilər.

Bundan əlavə, yanğın riski də unudulmamalıdır. Nasaz telefonlar yanğın təhlükəsi yaradan cihazlar kateqoriyasına daxildir. Elə bu səbəbdən də telefonu istifadə edərkən eyni vaxtda enerji yığımında saxlamaq, eləcə də onu bütün gecə şarjda qoymaq məsləhət görülmür.

2011-ci ildə aparılan araşdırmalar göstərib ki, telefonla yatmaq vərdişi xərçəng və sonsuzluq riskini artıra bilər. Xüsusilə yeniyetmələr və uşaqlar risk qrupuna daxildir. Onlar böyüklərlə müqayisədə telefondan yataqda daha çox istifadə edir və şüalanmaya daha həssas olurlar. Bu isə gələcəkdə onkoloji xəstəliklər və reproduktiv sağlamlıq problemləri ilə nəticələnə bilər.