Azərbaycanın Baş Naziri Novruz Məmmədov Fransa Prezidentinin fərmanı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, Baş Nazirə ordeni Fransa hökuməti adından Bakıda səfərdə olan Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer təqdim edib.
N. Məmmədov bu ali mükafata Azərbaycan-Fransa əməkdaşlığına verdiyi töhfəyə görə layiq görülüb.
Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer, ölkəsinin N. Məmmədova xüsusi hörmət və ehtiramı olduğunu vurğulayıb.
Baş Nazir isə öz növbəsində bu ali mükafata layiq görüldüyünə görə Fransa dövlətinə və fransız xalqına minnətdarlığını bildirib.
Qeyd edək ki, “Şərəf Legionu” ordeni 19 may 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilib. Fransanın ən yüksək dövlət mükafatı olan “Şərəf Legionu” ordeninin 5 dərəcəsi var. Fransa və onun xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilən “Şərəf Legionu” ordeninin zabit dərəcəsinə indiyədək dünyanın bir çox görkəmli insanları layiq görülüb.