Yeni mərhələ başlayır:"Türkiyə qalib çıxacaq, Bayden isə...”

“...Öz açıqlaması ilə yatan divi oyandırdı...”

“Tərəflər arasındakı münasibətlərin bu həddə çatması Türkiyənin Rusiya ilə yaxınlaşacağı kimi başa düşülməməlidir”

“Rusiya güvənilə biləcək müttəfiq deyil”


Son bir neçə gündür ki, həm də Azərbaycan, həm də Türkiyə siyasi gündəmindəki əsas mövzu ABŞ prezidenti Co Baydenin uydurma erməni soyqırımı ilə bağlı açıqlamasıdır. Bəzən dediklərini qarışdıran, təyyarənin nərdivanında yıxılan bu ahıl dövlət başçısının sözügedən bəyanatını eşitməməzlikdən gələrək yaşı ilə əlaqələndirmək doğru olmaz. Hər halda ilk saatlardan etibarən ciddi diplomatik manevrlər edildi. Həm rəsmi Bakı, həm də qarşı ölkə Baydenə tutarlı cavablar verərək, onun tarixi saxtalaşdırdığı faktlarla izah etdi.

Türkiyəli professor, beynəlxalq münasibətlər üzrə ekspert Yaşar Onay ABŞ dövlət başçısının fikirlərini və onun siyasi nəticəsini “Sherg.az”a şərh etdi: 

“Baydenin bu açıqlaması bir müttəfiq olaraq Türkiyəyə dəyər vermədiyini göstərdi. Deməli, ABŞ administrasiyasındakılar çox dar düşüncəlidirlər. Çünki Türkiyə regionun əsas iştirakçılarındandır. ABŞ Türkiyənin dəstəyini almadan bölgə ilə bağlı planlarını həyata keçirməkdə çox çətinlik çəkər. İkinci bir tərəfdən, biz NATO ölkəsiyik və həmin qurumun ən güclü ordularından birinə sahibik. Hətta Qara dənizdəki hadisələr belə, ABŞ-ın Türkiyəsiz nə qədər aciz olduğunun sübutudur”.

Y.Onayın fikrincə, rəsmi Vaşinqtonun gələcəkdə peşman olması da istisna deyil:

“Yerli xalq ABŞ-la müttəfiq olmağın lazımsızlığını anlayıb. Bu, yeni bir mərhələnin başlanğıcıdır. Türkiyə bu mərhələdən qalib çıxacaq. Bayden isə öz açıqlaması ilə yatan divi oyandırdı...İndi ABŞ- Türkiyə münasibətləri Baydenin təkcə atacağı yox, həm də atmayacağı addımlardan asılıdır. Tərəflər arasındakı münasibətlərin bu həddə çatması Türkiyənin Rusiya ilə yaxınlaşacağı kimi başa düşülməməlidir. Rusiya güvənilə biləcək müttəfiq deyil. Üstəlik, müzakirə mövzusu Ermənistan olanda Baydenlə Putin həmişə bir-birlərinə uyğun davranıblar. Yəni türkün türkdən başqa dostu yoxdur”.