Araikdən “şou nömrəsi”:“Onu Moskvaya kimsə çağırmayıb” 

Xankəndiyə toplaşan erməni separatçılarının cinayətkar başçısı Araik Arutyunyan bu günlərdə təcili olaraq Moskvaya çağırılıb. "Hraparak" qəzetinin yazdığına görə, baş separatçının Rusiya xüsusi xidmət orqanları ilə görüşləri olacaq. Qeyd edilir ki, ruslar Araik Arutyunyanın Nikol Paşinyanın göstərişləri ilə hərəkət etməsindən narazıdır. “Rusiya xüsusi xidmət orqanları Arayik Arutyunyanın Ermənistan rəhbərliyinə itaətkar davranışından narahatdır və onu özünə gətirməyə çalışacaq”,-deyə qəzet yazır. Arutunyanın Moskvaya səfərinin nə qədər qanuni olduğu özü mübahisəli məsələdir. Kreml rəhbərliyi onu hansı statusla qəbul edib? 


 
BDU-nun professoru, politoloq Əlimusa İbrahimov səfər barədə qaranlıq məqamları “Sherg.az”a açıqladı: 

“Bu, göstərilən növbəti “şou nömrəsi”ndən başqa bir şey deyil. Arutyunyanı Moskvaya kimsə çağırmayıb və o, Putinlə görüşməyib. Sadəcə qondarma xuntanın “rəhbərliyi” özünü “dəyərə mindirmək” və guya siyasi proseslərə təsir imkanını göstərmək üçün belə bir piar kampaniyası aparır.

Reallıq ondan ibarətdir ki, vəziyyət Azərbaycanın istədiyi kimi inkişaf edir və üçtərəfli bəyanatın tələbləri addım-addım yerinə yetirilir. 

Arutyunyan isə yaranacaq yeni reallıqda özünə yer tapmaq məqsədilə Rusiyadakı əlaqələrindən yararlanır.

Şübhəsiz ki, “əlaqələr” dedikdə yüksək səviyyəli şəxslərlə yox, sadəcə bəzi erməni qüvvələrin Moskvadakı tanışları ilə münasibətlərini nəzərdə tuturam. Araik əslində onlarla məsləhətləşmək üçün Rusiyaya gedib və özünü əhəmiyyətli göstərmək üçün belə fon yaradıb”.

Ə.İbrahimovun fikrincə, səfər o qədər də ciddi məsələ deyil:

“Bu, Paşinyanın sərsəm bəyanatları qədər əhəmiyyətsizdir. Baş nazirin Putinlə görüşü nəyisə həll etməyibsə, deməli, bu səfər də nəticəsiz qalacaq. Odur ki, ciddi bir əhəmiyyəti yoxdur”.