Gürcüstanda siyasi böhran: Ümid növbədənkənar seçkilərə qalıb

“O vaxta kimi isə xaotik durum davam edəcək”

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze istefa verib. Bu barədə o, parlament iclasından sonra keçirdiyi brifinqdə məlumat verib. “Gürcü Arzusu” partiyasını təmsil etdiyim danışıqların müqavilənin imzalanması ilə başa çatdığını nəzərə alaraq hesab edirəm ki, parlamentin normal işləməsi üçün spiker postundan getməliyəm”, - deyə Talakvadze bildirib.

Talakvadze 2019-cu ilin iyunundan parlamentin spikeri vəzifəsini icra edib. Qeyd edək ki, hökumətlə kompromis sazişi imzalayan müxalifət nümayəndələri 27 apreldə Gürcüstan parlamentində təmsil olacaqlar.

Bu, qonşu ölkədəki ilk belə hal deyil. Müxtəlif vəzifəli şəxslər əvvəllər də bir neçə dəfə gözlənilmədən istefa qərarı veriblər. Deməli, subyektiv yox, obyektiv səbəblər var.

 Məsələ barədə “Sherg.az”a danışan siyasi analitik Turab Rzayev bunu daxildəki vəziyyətlə əlaqələndirdi:

 “Gürcüstanda yaxın keçmişdə baş nazir də daxil olmaqla bir neçə vəzifəli şəxs istefa verib. Çünki ölkədə  siyasi böhran var. Son parlament seçkilərindən sonra hakimiyyət siyasi legitimliyi təmin edə bilmir.

Hökumət çalışır ki, müxalifət də parlamentdə təmsil olunsun və iqtidarın qazandığı çoxluğu təsdiqləsin. Müxalifət isə bunu istəmir, parlamenti legitim hesab etmir. Hazırda mübarizə davam edir. Hakimiyyət müxtəlif yollarla öz məqsədinə çatmağa çalışır, qarşı tərəf müqavimət göstərir.

Hələlik vahid idarəçilik sistemini əldə saxlamaq çətindir. Vəzifəli şəxsləri dəyişməklə siyasi böhran qurtarmayacaq. Yalnız növbədənkənar seçkilər vəziyyəti düzəldə bilər. O vaxta kimi isə xaotik durum davam edəcək”.