ABŞ bilməlidir! “Bölgəyə barıt atmaq planı baş tutmayacaq”

ABŞ prezidenti Co Baydenin ədalətsiz, heç bir tarixi fakta söykənməyən, uydurma və xülya üzərində köklənən yanaşması Türkiyə və ABŞ münasibətlərinə ciddi zərbə vurdu. Bunun Azərbaycan üçün də ziyanları da az deyil. Baydenin hadisələri “soyqırımı” kimi tanıması ABŞ tarixində böyük siyasi səhvdir və tarixin saxtalaşdırılmasına verilən bir dəstəkdir.
Bu gün Türkiyə regionda ABŞ-ın etibarlı tərəfdaşıdır. Bayden bu münasibətləri gücləndirmək əvəzinə, hansısa uydurma hadisələri “soyqırımı” adlandıraraq Türkiyə kimi tərəfdaşı ilə münasibətləri korlamış oldu.

Millət vəkili Müşfiq Məmmədlinin “Sherg.az”a açıqlamaslna görə, Baydenin 1915-ci ildə baş vermiş hadisələri “erməni soyqırımı” kimi qiymətləndirməsi  heç də ürəkaçan olmayan Türkiyə-ABŞ  münasibətlərinə ciddi zərbə vurmuş oldu.
Parlament üzvü qeyd edib ki, beynəlxalq münasibətlər sistemində ikili standartlar siyasətini yürüdən ABŞ tarixçilərin üzərinə düşən məsələni  prezident səviyyəsində bəyanat verməklə qərəzli mövqeyini açıq şəkildə ortaya qoydu:

“Əlbəttə, bir prezidentin sözü ilə hansısa millət soyqırımçı ola bilməz. Bu açıqlamanın nə tarixi baxımdan, nə də siyasi baxımdan hansısa dəyəri və sübutu var. Dəfələrlə Türkiyə dövlətinin müraciətlərinə baxmayaraq, arxivlərin açılması, tarixi həqiqətlərin üzə çıxması prosesi məhz erməni havadarları olan dövlətlər tərəfindən cavabsız qalıb.

Tarixi təhrif edərək təbliğat maşını yalan istehsal edən erməni diasporunu razı salmaq, ona sırınmaq istəyən Bayden, heç də uzaq keçmişi olmayan Xocalı soyqırımına biganə qalması, göz yumması ədalət prinsiplərini ayaqlamaq deməkdir.

30 il müddətində ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan arasında olan münaqişənin həlli yolunda bir addım atmayan, əksinə ermənipərəst mövqe ortaya qoyan ABŞ hansı haqq-ədalətdən danışa bilər?”.

M.Məmmədli vurğulayıb ki, uzun müddət işğal altında qalmış torpaqlarımızın ermənilər tərəfindən vandalizmə məruz qalması, şəhərlərin viran qoyulması nədənsə, Baydenin diqqətini cəlb etməyib:

“Özünü demokratiyanın beşiyi adlandıran ABŞ bilməlidir ki, “Bir millət, iki dövlət” şüarını özünə əsas seçən Türkiyə və Azərbaycana yönəlmiş saxta siyasətin sonu iflasa məhkumdur. Cənab Prezident İlham Əliyev və qardaş Türkiyə dövlətinin prezidenti Rəcəb Tayyib Ərdoğan regionda sülhün təminatçısıdır. ABŞ-ın görülən işlərə kölgə salmaq, yenidən bölgəyə barıt atmaq planı baş tutmayacaq”.