“Rəsmi İrəvan Kremlin vasitəçilik missiyasını sarsıdır” - ŞƏRH

“Buna səbəb isə düşmən ölkədəki xaotik vəziyyətdir”

“Ermənistan XİN üçtərəfli bəyanatın tələblərini gündəmdən çıxarmağa çalışır”


Dünən xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub. Rusiya XİN-dən verilən məlumata görə, diplomatik orqanların rəhbərləri qarşılıqlı münasibətlərin aktual məsələlərini, o cümlədən qarşıdakı yüksək səviyyəli təmasları müzakirə ediblər.

Həmçinin, telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarına əsasən bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün üç ölkənin baş nazir müavinlərinin həmsədr olduğu Üçtərəfli İşçi Qrupunun fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.



Politoloq Tofiq Abbasov nazirlər arasındakı telefon danışığını “Sherg.az”a şərh etdi: 

“Müzakirələr müntəzəm xarakter daşıyır. Artıq Lavrov-Bayramov, Lavrov- Ayvazyan formatı yaranıb. Şübhəsiz ki, bu, üçtərəfli bəyanatın tələblərinin yerinə yetirilməsi üçündür. Rusiya bir vasitəçi kimi böyük məsuliyyət daşıyır. Lakin rəsmi İrəvan Kremlin vasitəçilik missiyasının dayaqlarını sarsıdır. Buna səbəb isə düşmən ölkədəki xaotik vəziyyətdir. Ermənistan XİN üçtərəfli bəyanatın tələblərini gündəmdən çıxarmağa çalışır. Azərbaycan isə, əksinə, öhdəliklərin yerinə yetirilməsinə laqeyd yanaşmır, bunun üçün bütün imkanlarını səfərbər edir. Çünki həmin şərtlərin reallaşması region ölkələrinin hər biri, o cümlədən Ermənistanın özü üçün faydalıdır.

Görünür, rəsmi İrəvan ya hələ “qəflət yuxusu”ndan oyanmayıb, ya da bilərəksən sabotaj edir. Fikrimcə, vəziyyət Ermənistandakı növbədənkənar seçkilərədək belə davam edəcək. Çünki hələ ki, Ermənistanda mərkəzləşmiş siyasət yoxdur.