Kənan Novruzov yazır
Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Qarabağla bağlı səsləndirdiyi bəyanat son günlərin əsas müzakirə mövzusudur. O, Moskvanın minalardan sürətlə təmizlənməsi prosesində maraqlı olduğunu deyib. Doğrudanmı belədir və Kreml rəsmisinin açıqlaması səmimidir?
Yaxşı, şimal qonşumuzun canı bizə bu qədər çox yanırsa, niyə minalı ərazilərin xəritəsinin verilməsi üçün Ermənistana təzyiq göstərmir?! (Yeri gəlmişkən, istisna deyil ki, bu xəritə Rusiyanın özündə də var).
Moskvanın həmişə ikili oyun oynadığını nəinki diplomatlar, politoloqlar, siyasətlə az- çox maraqlanan hər kəs bilir. Heç kimə sirr deyil ki, Rusiya XİN rəhbəri Sergey Lavrov ermənipərəstdir və çirkin niyyətlərindən əl çəkən deyil. Əlbəttə, kadrları, o cümlədən Zaxarova da onun "siyasi kurs"unu davam etdirirlər.
Şübhəsiz, bəyanatın səslənmə zamanı da təsadüfi deyil. Çox güman, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və ABŞ-ın "əlinin regionun üzərindən olduğunu" göstərməyi Kreml rəhbərliyini narahat edir. Odur ki, müxtəlif senarilərlə Cənubi Qafqazdakı təsirini artırmaq, əsas "oyunçu" olmaq istəyir. Yaxşı bir misal var: ayının min oyunu bir armudun başındadır. Yəqin ki, Moskva rəsmiləri regiondakı mövqe savaşında rəqiblərinə uduzmamaq üçün bundan sonra da şirnikləndirici, qıcıqlandırıcı bəyanatlar səsləndirəcək. Ona görə də soyuqqanlı və ehtiyatlı olmalı, analoji açıqlamaların alt qatındakı gizlinləri çözməli, necə deyərlər, aysberqin görünməyən tərəfini görməliyik.