“Moskva və Tehran indi də əlbirdir” – Gülüstan,Türkmənçay ssenarisi... 

“Bu iki dövlət 1813- cü ildə imzalanan Gülüstan, 1828-ci ildə qol çəkdikləri Türkmənçay müqavilələri ilə torpaqlarımızı iki yerə böldü”

“İndi də həmin imperialist siyasətlərini davam etdirirlər”

“Ən təəssüf doğuran isə budur ki, xalqın bir hissəsi Rusiya və İranı hələ də Azərbaycana dost bilir”


“İranın bu hərəkəti nə qonşuluğa, nə də müsəlmanlığa uyğundur. Nə yaxşı ki, Azərbaycan Xarici İşlər Naziri məsələyə münasibət bildirib. Fikrimcə, ictimaiyyət də səssiz qalmamalıdır”.
Bu sözləri İrandan Qarabağa yüklərin daşınmasına dair yeni görüntülər barədə “Sherg.az”a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini, politoloq Həsrət Rüstəmov deyib. O, Tehranın  hazırkı ritorikası ilə müharibə vaxtından tanış olduğumuzu bildirdi: 

“Həmin vaxt Cənubi Azərbaycandakı soydaşlarımız da reaksiya göstərmişdilər. Amma bu da İranı öz ampluasından çəkindirmədi. Deməli, İranın xarici siyasəti Azərbaycana qarşıdır. Rəsmi Bakı da gələcək diplomatiyasında bunu nəzərə almalıdır. Düşünürəm ki, müsəlman dövlətlərini cənub qonşumuzun bu əməli ilə tanış etməli, İranı qınaq obyektinə çevirməliyik”.

 H.Rüstəmov, həmçinin Rusiyanın mövqeyindən söz açdı: 

“İran müsəlman dövlətinin torpaqlarını işğal edən tərəfə dəstək verir və özünü islamın himayəçisi kimi təqdim edir. Bu, yolverilməzdir. Moskva və Tehran isə əlbirdir. Bu iki dövlət 1813- cü ildə imzalanan Gülüstan, 1828-ci ildə qol çəkdikləri Türkmənçay müqavilələri ilə torpaqlarımızı iki yerə böldü. İndi də həmin imperialist siyasətlərini davam etdirirlər. Hər ikisi Azərbaycanın hesabına Cənubi Qafqazdakı maraqlarını təmin etməyə çalışır. Ən təəssüf doğuran isə budur ki, xalqın bir hissəsi Rusiya və İranı hələ də Azərbaycana dost bilir”.

Kənan Novruzov