““3+3 formatı”ndan öncə Qarabağdakı proseslər yekunlaşdırılmalıdır” 

Rusiya Xarici işlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə "3+3" formatı ilə bağlı çıxış edib. O, qeyd edib ki,Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında hamıdan çox maraqlıdır:
“Buna görə də imkan verə bilmərik ki, ayrı-ayrı kənar oyunçuların siyasiləşmiş addımları regionda sülh və sabitliyin bərpa edilməsinə yönəlmiş səyləri boşa çıxarsın. 3+3” konsultativ regional platformanın ikinci iclasının keçirilmə vaxtı və yeri razılaşdırılır. Bu məlumatı təşkilatçı dövlətin təqdim etməsini daha düzgün hesab edirik. Hələ vaxtı dəqiqləşdirilməyən bu formatın işləyib-işləməyəcəyi və nələr vəd etdiyi maraq doğurur”.

Məsələ ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Rusif Məmmədsoy qeyd edib ki Rusiyanın Türkiyə və Azərbaycana çox böyük ehtiyac duyduğu bir dönəmdəyik:

"“3+3 formatı” bu günün məsələsi deyil. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın müharibədən dərhal sonra bu formatla bağlı açıqlamaları var idi ki, regionun inkişafı üçün “3+3 formatı” həyata keçirilməlidir. 

Ancaq buna getmək üçün öncə Qarabağdakı proseslər yekunlaşdırılmalıdır.

 Doğrudur, Rusiya ilə diplomatik səviyyədə yaxşı münasibətlərimiz var. Lakin bu proseslərdən öncə biz, separatçıların bölgəni tərk etməsini,yekun sülh müqavilələrinə mane olmamalarını gözləyirik. Hazırda bizim bütün diqqətimiz Qarabağdadır. 

Bu məsələlər həll edildikdən və razılaşmaların bəndləri yerinə yetirildikdən sonra  “3+3 formatı”nda iqtisadi əməkdaşlıq və.s amillərin müzakirəsi ola bilər. Bu formatda  Türkiyə və Azərbaycan birliyi açar rolu oynayır."