Ermənistan vəziyyəti drammatikləşdirir  - ŞƏRH

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT baş katibinə məktub ünvanlayıb. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra bu təxribatın səbəblərinin araşdırılması, Laçın sərhəd buraxılış məntəqəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin görülməsinin Ermənistan tərəfindən “blokada” kimi qiymətləndirilməsi əsassızdır. 

Ceyhun Bayramovun BMT baş katibinə məktub ünvanladığı məktubla bağlı “Sherg.az”a şərh edən siyasi-şərhçi Asif Nərimanlı qeyd edib ki, burada blokada məsələsinin məntiqi tərəfi yoxdur: 

“O zaman blokada adlandıra bilərdilər ki, Azərbaycan tərəfi Laçın yolunu bağlayardı və heç bir alternativ yol  təşkil etməzdi. Azərbaycan Laçın yolunu yük üçün bağlayıb. Bunun  da  müəyyən səbəbləri var.  Həmçinin bununla Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) üçün müəyyən bir şərait yaratmışdı. Amma sonra qaçaqmalçılıq ortaya çıxdı. Yəni BQXK-nin emblemi və maşınları altında ora bəyannamədə olmayan müxtəlif mallar keçirməyə başladılar. Bu, həm qanunu pozur, həm də digər təhlükəni gündəmə gətirirdi.  Azərbaycan tərəfi əhalinin istifadəsi, gediş-gəlişi və xəstələrin daşınması üçün müəyyən şərait yaradıb. Digər tərəfdən isə Azərbaycan rəsmi Bakı-Xankəndi-Ağdam marşrutunu yüklərin daşınması üçün  təşkil edib. Bunun özü göstərir ki, Laçın keçid  məntəqəsi insanların istifadəsi üçün açıqdır və blokada olmadığını təsdiq edir. Ermənistan tərəfi sırf öz yük maşınlarını keçirmək üçün belə bir şou düzəldib. Məqsəd isə  beynəlxalq ictimaiyyətin diqqətini məsələyə yönəltməkdir. Düşmən  tərəfindən atılan son addımlar Azərbaycana qarşı təzyiqə yönəlmişdi. Lakin həmin diplomatik addımlar  gerçəkləşmədi".

Analitikin sözlərinə görə onlar düşünürlər ki, belə təzyiq etməklə Bakı geri çəkiləcək: 

“Avropa İttifaqının sədri Şarl Mişeldə Ağdamdan Xankəndinə gedən yoldan istifadə edilməsini dəstəklədi. O cümlədən Blinken də prezident İlham Əliyevə zəngində alternativ marşrutların istifadəsinin müzakirəsi gündəmə gətirdi. Bu o deməkdir ki, ABŞ məsələyə balanslı yanaşır. Rəsmi Bakının da mövqeyini nəzərə alır. Ehtimal var ki, onlar Qarabağ ermənilərinin aksiya üçün Laçın postuna göndərsinlər. Hətta məlumatlar yayılırdı ki, Xankəndində  bununla bağlı avtobuslar da hazırlanır və ermənilər bura gətiriləcək. Yəni Ermənistan tərəfi teatrı genişləndirir və vəziyyəti daha da drammatikləşdirir. Faktiki hədəf Laçın yolunun açılması, siyasi addım isə Azərbaycanın Qarabağla məsələlərinin arxa plana keçirilməsidir. Çünki Ağdam-Xankəndi yolundan istifadə Qarabağdakı erməni əhalisinin Azərbaycana reinteqrasiyasını sürətləndirə bilər. Ermənistan da bunun qarşısını almağa çalışır”.