ABŞ-ın keçmiş prezidenti Donald Trampın köməkçisi olmuş Con Bolton diqqət çəkən açıqlamalar verib.
NewsNation telekanalının efirində çıxış edən Bolton Trampın 2024-cü ildə keçiriləcək seçkilərdəki qələbəsindən sonrakı proseslərdən söz açıb. O qeyd edib ki, əgər eks-prezident yenidən qalib gəlsə, siyasətçi ölkəni NATO-dan çıxaracaq.
Bolton qeyd edib ki, Trampın ilk prezidentlik dövründə gördüyü işlərə işarə vuranlar əslində “onun, əks istiqamətdə hərəkət etmək istədiyini” bilmirlər.
Qeyd edək ki, bir müdət öncə Tramp son seçkilərin nəticələrinin təsdiqinə mane olmaq və 2020-ci ildə Kapitoliyə hücumda iştirakla bağlı ittihamları rədd etmişdi.
ABŞ-ın xüsusi prokuroru Cek Smit 1 avqust tarixində Trampın dörd maddə üzrə ittiham olunduğunu açıqlayıb. Tramp faktiki olaraq 2020-ci ilin noyabr seçkilərindəki məğlubiyyətə baxmayaraq, qanunsuz hərəkətləri ilə hakimiyyəti qoruyub saxlamağa cəhd etməkdə ittiham olunur. Bu iş üzrə Trampa qarşı irəli sürülən cinayətlərin ən ağırı üçün maksimum cəza 20 il həbsdir.
Hazırda rəy sorğularının nəticələrinə əsasən, Respublikaçılar Partiyasından prezidentliyə rəsmi namizəd olmaq üçün Trampın hər cür şansı var. Seçkilərdə ABŞ Demokrat Partiyasından hazırkı Prezident Co Bayden yenidən mübarizə aparacaq.
Con Boltonun fikirlərini "Sherg.az"a şərh edən siyasi şərhçi Kənan Novruzov bildirib ki, bu çıxışların nə qədər düzgün olduğunu deyə bilmərik:
"Ümumiyyətlə, Donald Tramp və Bayden arasında ciddi rəqabət olmaqla yanaşı, xarici siyasət kursunda da ciddi fərqlər var. Trampın dövründə ABŞ-ın Rusiya ilə münasibətləri daha loyal idi. İndi isə radikal xarakter daşıyır. Artıq ABŞ və Rusiya demək olar ki, elan olunmamış müharibə şəraitindədir. Necə olur ki, Baydendən qabaq Tramp hakimiyyətdə olanda ABŞ-ın NATO-dan çıxması ilə bağlı heç nə deməmişdi?! Amma indi durduq yerə bu barədə bəyanat verir. ABŞ-da 2024-cü ildə seçkilər keçiriləcək. Ola bilsin ki, açıqlama birbaşa Rusiya ictimaiyyətinə və hətta prezident Vladimir Putinə hesablanır. Yəni "sən mənə seçkilərdə dəstək ver və mən sənə söz verirəm ki, NATO-dan çıxacam. Bununla da səninlə müharibə şəraitində olmayacam". Əgər ABŞ NATO-dan çıxsa, NATO zəifləyəcək. Şimal qonşumuz və ABŞ-ın münasibətləri düzələcək. Digər tərəfdən fikrin ABŞ ictimaiyyətinə hesablana bilər. Hər bir ölkə NATO üzvü olmaq istəyər. Amma NATO-ya üzvlük həmçinin müharibə riski deməkdir. Bəlkə də, açıqlama müəyyən kəsimə hesablanıb. NATO-dan çıxmaqla özünü Rusiya ilə müharibə məsələsində sığortalayacaq".
Ekspert Trampın yenidən hakimiyyətə gələcəyini düşünmədiyini vurğulayıb:
"ABŞ-ın NATO-dan çıxması da elə ağlabatan fikir deyil. Çünki çıxarsa, dünyadakı geosiyasi mənzərəyə ciddi təsir göstərəcək. Biz mövcud geosiyasi vəziyyəti böyük şahmat taxtası ilə müqayisə etsək ABŞ-ın NATO-dan çıxması şahmat taxtasını dağıdacaq. Dünya hələ buna hazır deyil. ABŞ-ın NATO-dan çıxması dünyanın təhlükəsizlik arxitekturasının daha ciddi təhlükə altında qalması anlamına gəlir".