"Ermənistan respondentlərin 67%-dən çoxu baş nazir Nikol Paşinyana etibar etmir".
Bu barədə “GALLUP Beynəlxalq Assosiasiyası”nın Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iyulun 25-də baş nazirin mətbuat konfransını vətəndaşların 65%-i izləyib. "N.Paşinyanın cavablarına etibar etmək olarmı?" sualına respondentlərin 16,1%-i müsbət, 14,5%-i “qismən güvənirəm” cavabını verib. Respondentlərin 13,1%-i “çox güvənmirəm”, 54,4%-i isə “heç güvənmirəm” cavabını verib. Cavab verməkdə çətinlik çəkənlər isə 1,8% təşkil edib.
"Biz görürük ki, respondentlərin 67%-dən çoxu Paşinyanın cavablarına inanmır və bu, kifayət qədər böyük rəqəmdir", - A.Navasardyan bildirib.
Bu fikirləri "Sherg.az"a şərh edən politoloq Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib ki, Nikol Paşinyan hakimiyyətə gələrək "Qarabağ plan"ını devirdi:
"20 il ərzində Ermənistanda hakimiyyətdə qalan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın əvəzinə xalqa yeni vədlər verərək öz liderliyini bərqarar etdi. Hakimiyyətin ilk illərində islahatlar adı ilə irəli sürdüyü tezislər müəyyən qədər xalqda inam yaratmışdı. Guya, demokratdır, sülh istəyir və Cənubi Qafqazda tərəfdaşlıq niyyətindədir. Vətən müharibəsində Ermənistanın acı məğlubiyyətinə rəğmən erməni xalqı "Qarabağ planı"nı və müharibə blokunu dəstəkləmədi. Bununla da, Nikol Paşinyan yenidən hakimiyyətdə qaldı. Paşinyan post müharibə reallıqlarında sülh ilə bağlı vahid siyasi xətt yürütmür. Sülh danışıqlarında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, amma surətlə silahlanmaq yolunu tutur. Rusiya geosiyasi orbitindən uzaqlaşmaq siyasi xəttini əsas götürür. Ardınca 9 May Qələbə paradın da iştirak etmək üçün Moskvaya yola düşür. Həmçinin Avropa İttifaqının Mülki missiyasını ölkəsinə dəvət edir, Rusiya ilə sıx əlaqələr qurur. Digər tərəfdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi mesajlarını verir. Nəticədə xalqda müəyyən tərəddüdlər yaranır, sabaha olan inam azalır. Nikol Paşinyanın verdiyi vədlər yerinə yetirilmir. Bu da sosioloji sorğuların nəticələrində əks olunur. Respondentlərin 67%-dən çoxunun baş nazirə etibar etməməsi hakimiyyətin fiaskosu kimi qiymətləndirilir. Daxili və xarici siyasətdə buraxılan səhvlərin nəticəsidir. Xalq da öz adekvat cavabını sərgiləyir. Nikol Paşinyan bundan sonrakı dönəmdə daha çox sülh, təhlükəsizlik və sabitlik müstəvisində verdiyi vədləri yerinə yetirəcək. Paşinyanın surətlə silahlanma yolunu tutması və revanşist ideologiya ilə əlaqəli irəli sürülən tezislər aradan qaldırılacaq. Biz həqiqi sülhdən danışa biləcəyik".