Azərbaycan Respublikasının İnsan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət siyasətinin davam etdirilməsinə növbəti dəfə münasibət bildirib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Qeyd olunub ki, Ermənistan hakimiyyəti tərəfindən formalaşdırılmış və hazırda da davam etdirilən Azərbaycanofobiya siyasətinin nəticələri sosial şəbəkələrdə erməni istifadəçilərin şərhlərində özünü daha qabarıq şəkildə göstərməkdədir.
Son zamanlar müxtəlif əsassız bəyanatlar verilməsi, erməni mətbuatında və sosial şəbəkə seqmentində təbliğat yolu ilə ermənilərdə Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı qatı mənfi fikirlər formalaşdırılması, sülh və birgəyaşayışın mümkün olmamasına dair fikirlərin ortaya atılması Ermənistan hakimiyyətinin Azərbaycanla sülh əldə edilməsində maraqlı olmadığını göstərir.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevanın adından yayılan məlum bəyanat və fikirlər təbii ki, hamını narahat edir:
"Təkcə, Səbinə xanım deyil, bütün Azərbaycan vətəndaşları Qarabağda olan etnik ermənilərin Azərbaycana inteqrasiya edilməsi və formalaşmış birgə yaşayış qaydasında yaşamasını arzu edir. Bunu dəfələrlə Cənab prezident İlham Əliyev öz çıxışlarında qeyd edib. Həmçinin onların hüquq və təhlükəsizliyinin Azərbaycan dövlətinin öz üzərinə götürməsi barədə fikirlərini ifadə edib. Amma çox təəssüf ki, Ermənistanın sosial media seqmentlərində və ayrı-ayrı siyasətçilərin dilindən mətbuatda, televiziyada Azərbaycana qarşı nifrət hissli açıqlamalar səsləndirilir. Birgə yaşayışın və sülhün qeyri-mümkün olması ilə bağlı fikirlər söylənilir. Əgər Ermənistan siyasi hakimiyyəti sülhün bərqərar olmasına maraqlıdırsa, ən azı dövlət kanallarında bu cür fikirlərin ifadə edilməsinə şərait yaratmazdılar. Görünən odur ki, Ermənistan siyasi hakimiyyəti də Qarabağın Azərbaycan ərazisi olmasını deməklə bərabər həm də artıq 2 il yarımdır ki, vaxt qazanır. Hansısa bir ümidlərlə yeni bir reallığın formalaşmasını arzu edirlər. İndiki geosiyasi vəziyyətdə artıq yeni reallıq olduğunu başa düşmürlər. Qüdrətli Azərbaycan ordusu torpaqlarını işğaldan azad edib. Heç bir diqtə ölkəmizin indiki siyasətini dəyişə bilməz. Söhbət Qarabağda olan ermənilərin Azərbaycana inteqrasiyası edilməsi təklifi, sərhədlərin bağlı olması və Laçın dəhlizinin açılmasının qeyri-mümkünlündən gedir. Bu narahatlıq doğurur. Paşinyan hakimiyyəti sözdə bir, əməldə başqa cür addımlar atır. Özlərinin çirkin niyyətlərini siyasətçilər və sosial şəbəkə sahiblərinin dili ilə bildirirlər. İnsanları həm sülhün bərqərar olmasından yayındırmaq, həm də Qarabağdakı etnik ermənilərin Azərbaycana inteqrasiya olunmasının qarşısını əngəlləmək məqsədi güdürlər".
Ekspert onu da qeyd edib ki, Ermənistanın bu çirkin oyunları ayaq tutsa da, yeriyə bilməz. Artıq bütün dünya ictimaiyyəti onların təşkil etdiyi şouları bilir. İstər tır məsələsi, istərsə də sərhəddə 20-25 avtobus mülki əhalinin gətirilməsi ilə bağlı etdiyi bəyanatların hamısı iflasa uğrayıb:
" Azərbaycanın mövqeyi beynəlxalq hüquqa söykəndiyinə görə heç bir dövlət ciddi şəkildə fikirlər bildirə və addımlar ata bilməz. Bizim işimiz haqq işidir. Bizimlə düşmənçilik edən bir millətə əl uzadıb sülhün bərqərar olmasını istəyirik. Amma onlar bundan yayınmağa cəhd edirlər. Ermənistan tərəfindən bu cür addımlar mənasızdır. Onlar istəməsələr belə sülhə məcbur ediləcək. Amma Ermənistan ilə sülh müqaviləsi bağlanılması o demək deyil ki, biz onlara güvənə bilərik. Hər zaman onlar bizim canımıza, qanımıza, torpaqlarımıza susamış bir millətdir. Həmişə biz ayıq-sayıq olmalıyıq. Torpaqlarımızın müdafiəsində, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın güclü ordusunu və digər hüquq mühafizə orqanlarını bölgədə daim təmin etməliyik".